Tropik meyvələr arasında xüsusi yeri olan ananas həm şirin dadı, həm də xoş ətri ilə sevilir. Lakin iri ölçülü olduğu üçün onu bir dəfəyə istehlak etmək hər zaman mümkün olmur. Bu səbəbdən meyvənin düzgün saxlanılması, dadını və təravətini qoruması baxımından vacibdir.
Pravda.az bildirir ki, ananas qısa müddət ərzində istifadə ediləcəksə, sərin və quru yerdə saxlanıla bilər. Daha uzun müddət təzə qalması üçün isə soyuducunun meyvə-tərəvəz bölməsinə yerləşdirilməsi tövsiyə olunur. Bütöv ananas soyuducuda təxminən 5-7 gün təravətini qoruya bilər.
Meyvəni soyuducuya qoymazdan əvvəl yumağa ehtiyac yoxdur. Onu kəskin qoxulu məhsullardan uzaq, əzilməyəcəyi yerdə saxlamaq məsləhətdir.
Kəsilmiş ananasın saxlanma qaydası
Ananasın qabığı soyulduqdan və doğrandıqdan sonra saxlanma şəraiti dəyişir. Dilimlənmiş meyvə hava keçirməyən qapaqlı qaba yerləşdirilməli və soyuducuda, 4 dərəcə və ya daha aşağı temperaturda saxlanılmalıdır.
Bu şəkildə qorunan ananasın 3-4 gün ərzində istehlak edilməsi tövsiyə olunur. Doğranmış meyvəni otaq temperaturunda uzun müddət saxlamaq olmaz.