ABŞ-nin Qida və Dərman İdarəsi (FDA) GLP-1 reseptor agonistlərinin istifadəsi zamanı qəfil görmə itkisinə səbəb ola bilən nadir göz xəstəliyi riskinin arta biləcəyi barədə xəbərdarlıq edib.
Söhbət qeyri-arteritik ön işemik optik neyropatiyadan (NAION) gedir. Bu xəstəlik bir gözdə görmənin qəfil və ağrısız zəifləməsinə, bəzi hallarda isə daimi görmə itkisinə səbəb ola bilər. Xəstəlik bir gözdə inkişaf etdikdə digər gözdə də yaranma riski artır.
FDA əsasən arıqlamaq üçün istifadə olunan "Ozempic" və "Wegovy" də daxil olmaqla, bu qrupa aid bütün preparatların rəsmi istifadə məlumatının "Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölməsinə mümkün risk barədə məlumatın əlavə edilməsini tələb edib.