Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Avtobus dayanacağı restoran görünüşündə - Qanun nə deyir?

Paylaş:
Avtobus dayanacağı restoran görünüşündə - Qanun nə deyir?
Bizi Google News-da izləyin

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə məxsus bir sıra dayanacaqların reklam materialları ilə əhatələnməsi və hətta restoran görüntüsünə salınması müəyyən suallar doğurur. Məsələn, Bakının Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığında, “Gənclik Mall” ticarət mərkəzinin qarşısındakı dayanacaqda eyni mənzərədir. Vətəndaşlar ictimai nəqliyyat dayanacağının görünüşünün dəyişdirilərək restorana bənzədilməsini doğru hesab etmirlər.

Bəs ictimai nəqliyyat dayanacaqlarında reklamların yerləşdirilməsi qanunla necə tənzimlənir?

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən vəkil, Azərbaycan İstehlakçılar Şurasının sədri Roman Qaraşov deyib ki, avtobus dayanacağı ilk növbədə ictimai nəqliyyat infrastrukturu obyektidir.

O bildirib ki, onun kommersiya reklamı üçün istifadəsi həmin əsas funksiyanı aradan qaldıra bilməz: “Mən bu məsələyə yalnız reklamın ölçüsü prizmasından baxmazdım. “Reklam haqqında” Qanunun 26-cı maddəsinə əsasən açıq məkanda reklamın yerləşdirilməsi müvafiq icazə rejiminə tabedir. Prezidentin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya görə reklam üçün icazə alınmalı, texniki şərtlər pasportu rəsmiləşdirilməli və icazə müqaviləsi bağlanmalıdır. Bununla yanaşı dayanacağın özünə dair ayrıca nəqliyyat tələbləri mövcuddur. Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.30.1-ci bəndi dayanacağın sərnişinlər üçün təhlükəsiz və rahat giriş-çıxışı təmin etməsini, 4.30.2-ci bənd müvafiq yol nişanı ilə təchiz edilməsini, 4.31-ci bənd isə dayanacaq məlumat lövhəsinin yaxınlaşan nəqliyyat vasitələri istiqamətindən görünməsini və orada dayanacağın adı, marşrut nömrələri və digər zəruri məlumatların göstərilməsini tələb edir. Bakı şəhərində bu tələblər Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 nömrəli Qərarı ilə daha da konkretləşdirilib. Həmin Tələblərin 5.3.3-cü bəndinə görə dayanacaq lövhəsi 5.12 yol nişanından, dayanacağın adından və oradan keçən marşrutların nömrələrini göstərən məlumat tablosundan ibarət olmalıdır. Buna görə reklam dayanacağın bütün fasadını elə örtürsə ki, obyekt artıq avtobus dayanacağından çox restoran və ya ayrıca kommersiya məntəqəsi təsiri bağışlayırsa, burada məsələ sadəcə dizayn zövqü deyil. Hüquqi sual budur ki, reklam dayanacağın tanınmasını, məlumatlandırma funksiyasını, sərnişinin rahat giriş-çıxışını və təhlükəsiz istifadəsini zəiflədirmi? Əgər zəiflədirsə, reklamın icazəsinin mövcud olması belə onun konkret icra formasını avtomatik qanuniləşdirmir, çünki icazə və texniki şərtlər də məhz qüvvədə olan nəqliyyat və təhlükəsizlik tələblərinə uyğun icra edilməlidir. Burada nəzarət mexanizmi də aydındır”.

R.Qaraşov qeyd edib ki, açıq məkanda reklamın icazəsi və texniki şərtlərə uyğunluğu Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin səlahiyyət sahəsidir: “Dayanacağın nəqliyyat infrastrukturu kimi funksional vəziyyəti isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətləri çərçivəsində qiymətləndirilməlidir. Qüvvəyə minmiş dəyişikliklərlə 73 nömrəli Qərarda əvvəlki Bakı Nəqliyyat Agentliyinin adı da məhz Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əvəz edilib. Yol kənarında ayrıca reklam qurğularına münasibətdə Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 468 nömrəli Qərarı da əlavə təhlükəsizlik hədləri qoyur və onun 3.1.8-ci bəndinə əsasən yaşayış məntəqələrində belə ayrıca reklam qurğuları ümumi istifadədə olan sərnişin nəqliyyatı dayanacağına 15 metrdən yaxın yerləşdirilə bilməz. Əgər açıq məkanda reklam müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan yerləşdirilibsə, yaxud həmin sənədlərin tələbləri pozulubsa, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi, reklam qanunvericiliyinin digər tələblərinə cavab vermirsə 428.7.2-ci maddə tətbiq oluna bilər. Bu halda fiziki şəxslər 300–500 manat, vəzifəli şəxslər 1500–2500 manat, hüquqi şəxslər isə 5000–10000 manat cərimə edilə bilər. Mənim mövqeyim odur ki, dövlətə məxsus dayanacaq reklam daşıyıcısına çevrilə bilər, amma onun ictimai təyinatı reklamın fonunda itib gedə bilməz. Dayanacaqdan istifadə edən insan ilk baxışda bunun restoran vitrini yox, ictimai nəqliyyat dayanacağı olduğunu anlamalıdır. Əks halda kommersiya marağı artıq ictimai infrastrukturun funksiyasını üstələyir və bu, hüquqi baxımdan ayrıca yoxlanmalı məsələdir”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər