Azərbaycanda mətbuat ciddi maliyyə çətinlikləri ilə üzləşməyə başlayıb və bunun əsas səbəblərindən biri qlobal İT nəhəngləridir.
"Facebook", "Instagram", "TikTok", "X", "YouTube" və "Google" Azərbaycanda reklam bazarının demək olar ki, bütününü ələ keçirib. Bu platformalar texniki imkanları sayəsində reklam qiymətlərini aşağı səviyyədə saxlayır və bununla da Azərbaycan mediasını reklamverənlərdən məhrum edir. Bununla yanaşı, qlobal İT nəhəngləri Azərbaycan mediasının məzmunundan icazəsiz istifadə edir, lakin bunun müqabilində heç bir ödəniş etmirlər.
Bu problem təkcə Azərbaycana deyil, bütün dünyaya xasdır. Məsələn, Kanadada "Google" və "Meta" birlikdə ümumi reklam bazarının təxminən 80 faizinə nəzarət edir. Kolumbiya Universitetinin tədqiqatçıları texnologiya nəhənglərinin xəbər jurnalistikasına ədalətli şərtlərlə nə qədər vəsait ödəməli olduğunu hesablayıblar. Onların qiymətləndirməsinə görə, təkcə ABŞ-də "Google" və "Meta" Amerika nəşriyyatlarına ildə 11,9-13,9 milyard dollar ödəməlidir. Bu, şirkətlərin hazırda ödədiyi məbləğdən xeyli çoxdur. Avstraliya, Kanada və Avropada da eyni səbəblərdən media orqanları fəaliyyətini dayandırır və əməkdaşlarının sayını azaldır.
Lakin bəzi ölkələrdə artıq mövcud vəziyyətdən çıxış yolu tapılıb. 2019-cu ildə Avropa İttifaqı nəşriyyatlar üçün, belə deyək, həmhüdud hüquqlar tətbiq edib. Bu hüquqlara əsasən, platforma nəşriyyatların materiallarından istifadə edirsə, bunun müqabilində ödəniş etməlidir. Bu normanı ilk dəfə Fransa tətbiq edib və "Google" Fransa nəşriyyatlarının alyansı ilə müqavilə imzalamaq məcburiyyətində qalıb. Şirkət məsuliyyətdən yayınmağa çalışıb və Fransa hakimiyyəti onu cərimələyib. Belə ki, 2021-ci ildə mətbuatla nadürüst danışıqlar apardığına görə 500 milyon avro, 2024-cü ilin martında isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə daha 250 milyon avro cərimə tətbiq edilib.