Azərbaycanda sahilboyu ərazilərdə torpaq, tikili, infrastruktur və sair obyektlərin əks olunduğu coğrafi informasiya sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlandığı “Rəqəmsal sahil idarəetməsi” informasiya sistemi yaradılacaq.
Pravda.az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi, həmin ərazilərdə torpaqların effektiv idarə edilməsi, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısı müvafiq Fərman imzalayıb. Sənədin əhatə dairəsinə adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan ərazilər, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan ərazilər, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər daxil deyil.
Son illərdə Xəzər dənizinin sahilboyu ərazilərində urbanizasiya proseslərinin artması, antropogen təsirlər nəticəsində ekoloji vəziyyətin pisləşməsi, habelə Xəzər dənizinin geri çəkilməsi bu sahədə dövlət idarəetməsinin və gündəmə gələn ərazi planlaşdırılması məsələlərinin müasir çağırışlara uyğun, daha çevik və əlaqələndirilmiş şəkildə təşkilini zəruri edib. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2026-cı il tarixli Fərmanına əsasən, Xəzər dənizinin Azərbaycan Respublikasına aid sahilboyu ərazisinin xüsusi hüquqi statusunun, zonalaşdırılmasının və hüquqi rejiminin müəyyən edilməsinə dair təkliflərin hazırlanması tapşırılıb.
Fərmana əsasən, sahilboyu ərazilərdə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, habelə torpaqlardan istifadə və onların mühafizəsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi funksiyaları İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.