Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) SƏTƏM üzrə əməkdaşlarının iştirakı ilə “Azərsun Holdinq”in Sumqayıtda yerləşən istehsalat müəssisələrinə birgə infotur təşkil olunub.
İnfoturun əsas məqsədi müəssisələrin fəaliyyəti, istehsal prosesləri, əməkdaşlar üçün yaradılmış əmək şəraiti və əməyin mühafizəsi sahəsində görülən işlərlə yerində tanış olmaq, həmçinin gələcək əməkdaşlıq imkanlarını dəyərləndirmək olub.
Səfər çərçivəsində Azərsun Kağız və Karton İstehsalat Korporasiyası nəzdində Xam Kağız Fabriki, Təmizlik Kağızları İstehsalı Fabriki və Təmizlik Vasitələri Fabrikinə baxış keçirilib. Qonaqlara müəssisələrin istehsalat fəaliyyəti, texnoloji proseslər, tətbiq olunan təhlükəsizlik qaydaları və əməkdaşlar üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib.
İnfotur zamanı fərdi mühafizə vasitələrindən istifadə, iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunması, əməkdaşların maarifləndirilməsi və istehsalat sahələrində təhlükəsiz iş mühitinin təmin edilməsi diqqət mərkəzində olub. Bununla yanaşı, müəssisələrdə əməkdaşların gündəlik rahatlığı üçün yaradılmış sosial şərait, o cümlədən yeməkxanalar və digər imkanlarla da tanışlıq baş tutub.