Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə geniş tərkibdə görüş keçirib.
Görüşdə Azərbaycan-Litva münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Nazirlər siyasi dialoq və qarşılıqlı maraqlar əsasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Yüksək səviyyəli təmasların, o cümlədən Azərbaycan və Litva prezidentlərinin Dublində keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində son görüşünün əlaqələrin inkişafındakı rolu qeyd edilib.
Görüşdə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, biznes əlaqələrinin gücləndirilməsi və yeni investisiya imkanlarının araşdırılmasına xüsusi diqqət yetirilib. Kənd təsərrüfatı, enerji, sənaye, İKT, rəqəmsal hökumət, kibertəhlükəsizlik və innovasiya əməkdaşlıq üçün perspektivli sahələr kimi qeyd olunub.