“2020-ci il noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması Vətən müharibəsində qazanılmış hərbi üstünlüyün siyasi və diplomatik müstəvidə necə böyük nəticələrə çevrildiyini göstərdi. Azərbaycanın strateji əhəmiyyətli rayonlarından birinin əlavə hərbi əməliyyat aparılmadan işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibənin gedişini, diplomatik prosesləri və mümkün geosiyasi nəticələri düzgün qiymətləndirməsinin təzahürü idi. Kəlbəcər Zəfərinin mahiyyətini də məhz bu siyasi-strateji kontekstdə dəyərləndirmək lazımdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov deyib.
Deputat xatırladıb ki, Kəlbəcərin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi həmin dövrdə Azərbaycanın üzləşdiyi hərbi-siyasi böhranı daha da dərinləşdirmişdi: “Rayonun Ermənistanla həmsərhəd olması və Qarabağın dağlıq hissəsinə uzanan coğrafi mövqeyi işğalın miqyasının genişlənməsində ciddi rol oynamışdı. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü ildə qəbul etdiyi 822 saylı qətnamənin icrasız qalması isə beynəlxalq hüququn tətbiqi ilə bağlı mövcud siyasi ziddiyyətləri üzə çıxarmışdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın üzləşdiyi mürəkkəb siyasi vəziyyətin aradan qaldırılması, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi sabitliyin təmin olunması və milli ordunun formalaşdırılması ərazi bütövlüyümüzün gələcəkdə bərpası üçün zəruri imkanlar yaratdı. Prezident İlham Əliyevin sonrakı illərdə həyata keçirdiyi müstəqil xarici siyasət, iqtisadi resursların strateji məqsədlərə yönəldilməsi və müdafiə sənayesinin inkişafı Azərbaycanın regional güc balansındakı mövqeyini əsaslı şəkildə dəyişdirdi. Vətən müharibəsində Azərbaycanın qarşısında duran başlıca vəzifə ərazi bütövlüyünün mümkün qədər az itki ilə bərpasına nail olmaq idi. Kəlbəcərin mürəkkəb dağlıq relyefi, iqlim şəraiti və strateji mövqeyi nəzərə alındıqda rayonun azad edilməsinin hərbi və siyasi baxımdan nə qədər böyük əhəmiyyət daşıdığı daha aydın görünür. Müharibənin ilk günlərindən Kəlbəcər istiqamətində əldə olunan hərbi üstünlük Azərbaycanın ümumi strateji mövqeyini möhkəmləndirdi. Şuşanın azad edilməsindən sonra yaranmış hərbi-siyasi vəziyyət Ermənistanı Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməyə məcbur etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat əsasında Ağdam, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması nəzərdə tutuldu. Noyabrın 25-də Kəlbəcərdə işğala son qoyuldu. Azərbaycan geniş coğrafi ərazidə öz suveren hüquqlarını bərpa etməklə yanaşı, əlavə insan itkilərinin qarşısını aldı. Hərbi qələbənin diplomatik vasitələrlə möhkəmləndirilməsi Prezident İlham Əliyevin siyasi strategiyasının ən mühüm xüsusiyyətlərindən biri kimi tarixə düşdü”.
Parlament üzvü qeyd edib ki, Kəlbəcərin azad olunması ölkəmizin qərb sərhədlərində təhlükəsizliyin təmin edilməsi, ərazi əlaqələrinin bərpası və Şərqi Zəngəzurun vahid iqtisadi məkan kimi inkişaf etdirilməsi üçün yeni imkanlar yaratdı: “Azərbaycanın 2023-cü ilin sentyabrında bütün ərazisində dövlət suverenliyini tam təmin etməsi isə uzun illər ardıcıl şəkildə həyata keçirilən dövlətçilik strategiyasını tarixi nəticəyə çatdırdı. Prezident İlham Əliyevin 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaltması Azərbaycanın bu torpaqlardakı suverenliyinin bərpasını bütün dünyaya nümayiş etdirən əlamətdar hadisə oldu. Kəlbəcərə sonrakı səfərlər zamanı qəbul edilən qərarlar azad olunmuş ərazilərin müdafiəsindən tutmuş onların sosial-iqtisadi inkişafına qədər bütün məsələlərin dövlət siyasətində qarşılıqlı əlaqədə nəzərdən keçirildiyini göstərdi. Bu gün Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin təmin olunması istiqamətində apardığı siyasət ölkəmizin uzunmüddətli təhlükəsizlik maraqlarından irəli gəlir. Kəlbəcər Zəfərinin siyasi əhəmiyyəti də dəyişmiş regional şəraitdə Azərbaycanın milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirmək və qorumaq imkanlarının genişlənməsi ilə ölçülür. 25 noyabr Azərbaycan dövlətçiliyinin şərəfli tarixində xalqın iradəsi, siyasi rəhbərliyin qətiyyəti və ordunun qəhrəmanlığı ilə qazanılmış möhtəşəm nailiyyətin əbədiləşdiyi gündür. Bu Zəfəri bizə yaşadan Müzəffər Ali Baş Komandanımızın tarixi xidmətləri, şəhidlərimizin fədakarlığı və Azərbaycan Ordusunun qəhrəmanlığı milli yaddaşımızda daim yaşayacaq”.
Şəhanə Qədirli