İnsan münasibətlərində “yox” demək həm özünə, həm də qarşı tərəfə hörmətin göstəricisidir.
Pravda.az bildirir ki, rədd cavabını dürüst, aydın və empatiya ilə ifadə etmək tövsiyə edilir.
Bəzən qarşımızdakı insan bizə maraq göstərsə də, eyni hissləri yaşamırıq. Belə vəziyyətdə onu incitmək istəməsək də, münasibəti davam etdirmək məcburiyyətində deyilik.
Ailə və evlilik terapevti Klaudiya de Lyano bildirir ki, rədd cavabı hər zaman müəyyən qədər incidici ola bilər. Buna görə də belə hallarda dürüst və səmimi davranmaq vacibdir.
Nəzakətlə “yox” deməyin yolları:
Dəvətə görə təşəkkür edin, lakin maraqlı olmadığınızı açıq bildirin.
Qarşı tərəfə yanlış ümid verməyin. “Bəlkə başqa vaxt” kimi ifadələrdən uzaq durun.
Hisslərinizi qısa və səmimi şəkildə ifadə edin.
Qarşı tərəfi görməzdən gəlmək və ya heç bir izah vermədən ünsiyyəti kəsmək əvəzinə, münasibətinizi aydınlaşdırın.
Uzun-uzadı izahat vermək məcburiyyətində olmadığınızı unutmayın.
Mütəxəssislərin fikrincə, istəmədiyiniz halda kiminsə xətrinə görüşə davam etmək hər iki tərəfin vaxtını və enerjisini itirməsinə səbəb olur. Açıq danışmaq isə gələcək anlaşılmazlıqların və daha böyük məyusluqların qarşısını alır.
Digər tərəfdən, qarşı tərəf “yox” cavabını qəbul etmirsə, manipulyasiyaya əl atırsa və ya şəxsi sərhədləri pozursa, nəzakətli olmaq məcburiyyətində deyilsiniz. Belə vəziyyətlərdə qəti mövqe nümayiş etdirmək və lazım gəldikdə ünsiyyəti tamamilə dayandırmaq tövsiyə olunur.
Qeyd: “Xeyr” demək kobudluq deyil. Öz hisslərinizi və sərhədlərinizi qorumaqla yanaşı, qarşı tərəfə də dürüst davranmaq sağlam münasibətlərin əsas şərtlərindəndir.
Əminə Bayramova