Şəmkir rayonunda dörd kəndi birləşdirən avtomobil yolu yenidən qurulsa da, sakinlərin sevinci yarımçıq qalıb. Belə ki, yeni asfalt örtüyü çəkildikdən sonra yolda sürət həddini aşan sürücülərin və yol-nəqliyyat hadisələrinin sayı artıb.
Bu şikayətlə Baku TV-yə rayon sakinləri müraciət ediblər. Onlar avtomobil yolunda sürət həddinə nəzarətin gücləndirilməsini tələb ediblər.
Sakinlərin sözlərinə görə, sürücülər yolda yüksək sürətlə hərəkət edir və müəyyən edilmiş sürət həddinə əməl etmirlər. Nəticədə indiyədək bir neçə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar olub.
Rayon sakini Təbiət Nağdəliyev sözügedən yolda iki nəvəsinin avtomobillə vurularaq öldürüldüyünü deyir: “Bu yolda mənim iki nəvəm öldü. Onları maşın vurdu. Buradan avtomobillər saatda 140-160 kilometr sürətlə hərəkət edir. Heç kim qaydalara əməl etmir. Yola nəzarət olunsun, tramplin qoysunlar, radar quraşdırsınlar, nə isə bir tədbir görsünlər”.