"Nikol Paşinyan konstitusiya dəyişiklikləri məsələsini gələcək siyasi proseslərin əsas mövzusuna çevirməyi planlaşdırır".
Bu barədə Ermənistanın "Joxovurd" qəzeti hakimiyyətdəki mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, baş nazir yaxın vaxtlarda Ermənistana nə üçün yeni konstitusiyanın lazım olduğunu, hökumətin hansı məqsədləri güddüyünü və onun qəbul edilməsi üçün hansı yollardan istifadə olunacağını şəxsən ictimaiyyətə izah etmək niyyətindədir.
"Paşinyan yeni konstitusiya layihəsi dərc olunmazdan əvvəl cəmiyyətə tam fəaliyyət planını təqdim edərək konkret mesajlar vermək istəyir. Burada məqsəd təkcə yeni konstitusiyanın məzmununu izah etmək deyil, həm də layihənin dərci ardınca hansı proseslərin başlayacağını, parlamentdə atılacaq addımları və hökumətin məsələni referenduma necə çıxaracağını aydınlaşdırmaqdır. Hökumət daxilindəki mənbələr bildirir ki, Paşinyanın əsas hədəfi bu məsələdə əvvəlcədən ictimai dəstək qazanmaq, daha sonra isə siyasi və parlament prosedurları vasitəsilə layihənin irəliləyişini təmin etməkdir. Başqa sözlə, baş nazir yalnız yeni konstitusiyanın zəruriliyini əsaslandırmağa deyil, həm də cəmiyyəti onun qəbulu ilə bağlı siyasi proseslərə cəlb etməyə hazırlaşır. Bununla belə, iqtidar daxilindəki müzakirələr sadəcə bu ssenari ilə məhdudlaşmır", - qəzetin materialında vurğulanır.
Nəşr qeyd edir ki, hakim Vətəndaş Sazişi Partiyasında uğursuzluq ehtimalı da müzakirə olunur, bu isə növbədənkənar parlament seçkinin keçirilməsi ilə nəticələnə bilər:
"Hakim dairələrdə hesab edirlər ki, konstitusiya dəyişiklikləri prosesi Paşinyanın planlaşdırdığı kimi getməzsə, baş nazir dərhal növbədənkənar seçkiyə gedə bilər. Üstəlik, daxil olan məlumatlara görə, Vətəndaş Sazişi Partiyasında bu variantı heç də inandırıcı olmayan ssenari saymırlar və hadisələrin bu cür inkişafına hazırdırlar. Belə görünür ki, iqtidar nümayəndələri növbədənkənar seçki keçiriləcəyi təqdirdə parlamentə daha geniş tərkibdə qayıdacaqlarına və hazırkı müxalifət qüvvələrini kənarda qoyacaqlarına əmindirlər. Beləliklə, 23 noyabr siyasi səhnədə kifayət qədər gərgin bir gün ola bilər. Paşinyan ictimaiyyətə müraciət edərək öz konstitusiya planlarının mahiyyətini izah etməyə hazırlaşır. Nəticənin necə olacağı barədə danışmaq hələ tezdir".
Oxu.Az