Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, spiker deputatın “Niyə Ağdamda mənə ev düşmür?” fikirləri ilə razılaşmadığını və onun bu çıxışı ilə görülən işlərə ləkə saldığını bildirib. Bəzi istifadəçilər Aqil Abbasın fikirləri ilə razılaşsa da, digərləri, eləcə də deputatların əksəriyyəti spikerin iradını haqlı hesab edib. “Qafqazinfo” müzakirələrlə bağlı Aqil Abbasla əlaqə saxlayıb. Millət vəkili saytımıza açıqlamasında bildirib ki, Sahibə Qafarova ona bildirdiyi iradda haqlı olub: “Cəmiyyət səhv edir. Cəmiyyət bu işə niyə qarışır axı? Mən demişəm, xanım sədr də mənə haqlı irad bildirib. Çünki mən orada mövzudan kənara çıxmışam. Cəmiyyətdə indi kiminsə kimdənsə xoşu gəlir və ya gəlmir, başlayırlar iki yerə bölünməyə. Hər kəs öz fikrini bildirməkdə azaddır. Mən özümə ev istəməmişəm, sadəcə demişəm ki, məcburi köçkün statusuna yenidən baxılsa, yaxşı olar. Ağdamda işlər yekunlaşanda 20 min ev tikilmiş olacaq, elə o 20 min ev mənim evim deməkdir. Hər bir ağdamlının evi elə mənim evimdir.