Alış-veriş zamanı uzun müddət xarab olmayan və gündəlik istifadə edilən məhsulları böyük həcmdə almaq büdcəyə qənaət etməyə kömək edə bilər. Lakin hər məhsulu çox miqdarda almaq düzgün seçim deyil. Bəzi ərzaqlar uzun müddət saxlanıla bildiyi halda, digərləri tez xarab olaraq əlavə xərcə səbəb ola bilər.
Pravda.az topdan alış-veriş edilməsi sərfəli olan məhsulları təqdim edir:
Tualet kağızı: Uzun müddət saxlanıldığı və daim istifadə edildiyi üçün toplu alış üçün əlverişlidir.
Ev heyvanları üçün yem: Daim ehtiyac duyulan məhsulları əvvəlcədən ehtiyatda saxlamaq sərfəlidir.
Uşaq bezləri: Körpənin ölçüsü dəyişməyən dövrdə böyük paketlər almaq daha qənaətlidir.
Konservlər: Son istifadə tarixi uzun olan konserv məhsulları ehtiyat üçün uyğundur.
Yağ və quru ərzaqlar: Makaron, noxud, lobya kimi uzun müddət saxlanıla bilən məhsulları topdan almaq mümkündür.
Təmizlik vasitələri: Tez-tez istifadə olunan və uzun müddət xarab olmayan məhsulları böyük qablaşdırmada almaq büdcəyə müsbət təsir edir.
Sabun, şampun və diş pastası: Daim istifadə edilən gigiyena vasitələrini endirim zamanı ehtiyat üçün almaq olar.
Topdan almaq məsləhət görülməyən məhsullar
Bəzi məhsullar isə böyük miqdarda alındıqda gözlənilən qənaəti təmin etmir. Əksinə, xarab olma və keyfiyyətini itirmə riski yaradır.
Çips və qazlı içkilər: Uzun müddət saxlanıldıqda dad və təravətini itirə bilər.
Meyvə və tərəvəzlər: İstifadə olunmayan məhsullar tez xarab olaraq israfa səbəb olur.
Şirniyyat və qəlyanaltılar: Ehtiyatda çox olması onların daha çox istehlakına səbəb ola bilər.
Dondurulmuş qidalar: Dondurucuda yer tutur və son istifadə tarixinədək istehlak edilməyə bilər.
Çərəzlər: Tərkibindəki yağlar səbəbindən gözləniləndən daha tez xarab ola bilirlər.
Souslar: Ketçup, mayonez və xardal kimi məhsullar az istifadə edildikdə uzun müddət açıq qalaraq xarab ola bilər.
Ədviyyatlar: Uzun müddət saxlanıldıqda öz ətrini və dadını itirə bilər.
Ağıllı alış-verişin əsas qaydası
Qənaətli alış-veriş yalnız ucuz məhsul almaq demək deyil. Əsas məsələ ehtiyacları düzgün müəyyənləşdirmək, məhsulların saxlanma müddətini nəzərə almaq və istifadə edilməyəcək şeylərə pul xərcləməməkdir.
Buna görə də alış-verişə çıxmazdan əvvəl siyahı hazırlamaq, endirimləri müqayisə etmək və yalnız həqiqətən lazım olan məhsulları almaq ailə büdcəsini qorumağın ən sadə yollarındandır.
Əminə Bayramova