Son günlər Azərbaycanda ümumtəhsil məktəblərində istifadə olunan dərsliklərin məzmunu ilə bağlı narazılıqlar artmaqdadır. Valideynlər və ictimaiyyət nümayəndələri dərsliklərdə yer alan mətnlərin şagirdlərin yaş və psixoloji inkişafına uyğun olmadığını, eləcə də müəyyən ifadə və təsvirlərin uşaqlara mənfi təsir göstərə biləcəyini düşünürlər. Belə ki, Avropa yazıçılarının əsərlərindən seçilərək Azərbaycan məktəb dərsliklərinə, əsasən, VII və daha aşağı siniflərin dərsliklərinə daxil edilən bəzi hissələr tənqidlərə səbəb olub. Xüsusilə Polyanna və xanım Snounun dialoqunda yer alan “Bütün gecəni yata bilməmişəm, bilirsiniz, yatmağı heç sevmirəm. Yatmaq əvəzinə gözəl işlər görmək olar” ifadələri ciddi müzakirə mövzusuna çevrilib. Cəmiyyətdə bu cür fikirlərin məktəblilərə hansı mesajı verdiyinə dair suallar yaranıb. Bununla yanaşı, aşağı sinif dərsliklərində turizm şirkətlərinin adlarının çəkilməsi və həmin şirkətlərlə bağlı məlumatların yer alması da birmənalı qarşılanmır. Mütəxəssislər dərsliklərdə kommersiya maraqlarına xidmət edən məlumatların nə dərəcədə məqsədəuyğun olduğunu sual altına alırlar. Digər narazılıq doğuran məqamlardan biri isə orta məktəb dərsliklərində mətnlərdə yer alan şərab və sərxoşluq mövzusunun təsvirlərlə izah edilməsidir. Xüsusilə azyaşlı və yeniyetmə şagirdlərin istifadə etdiyi dərsliklərdə bu cür təsvirlərin verilməsi uşaqların yaş və psixoloji xüsusiyyətlərinin nə dərəcədə nəzərə alındığı məsələsini gündəmə gətirir. Bütün bunlar nəzərə alınaraq məktəb dərsliklərinin hazırlanması, məzmununun seçilməsi məsələsinə nəzarətin güclənməsi tələb edilir.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev deyib ki, dərsliklərdəki mətnlərin, şeir və hekayələrin keyfiyyəti məsələsi kifayət qədər ciddi və həssas mövzudur.
S.Vəliyev bildirib ki, dərslik sadəcə şagirdə müəyyən bilikləri ötürən vəsait deyil, eyni zamanda şagirdin dünyagörüşünün, estetik zövqünün, mənəvi dəyərlərinin dil və təfəkkürünün formalaşmasına təsir göstərən əsas vasitələrdən biridir: “Şəxsən mən hesab edirəm ki, dərsliklərin keyfiyyətini yanlız proqramın tələblərinə uyğunluğu və ya mövzuların sayına görə qiymətləndirmək düzgün olmazdı. Məzmunun elmi-pedaqoji, eyni zamanda metodiki və psixoloji baxımdan uyğunluğu əsas götürülməlidir. Xüsusilə bəddi mətnlərin seçilməsinə çox ciddi fikir verilməlidir, uşaqlara təqdim olunan şeir və hekayələr onların birinci növbədə yaş xüsusiyyətlərinə uyğun olmalıdır, psixoloji inkişaf səviyyəsinə, dünyagörüşünə tam adekvat olaraq cavab verməlidir. Mətn birinci növbədə uşağın marağını oyatmalı, onda mütaliə, sevgi yaratmalı, təxəyyülünü genişləndirməli, xeyirxah, mərhəmət, vətənpərvərlik, dürüstlük kimi mənəvi keyfiyyətləri aşılamalıdır”.