Noyabrın ikinci yarısının çatmasına baxmayaraq, soyuq havalarda “Azəriqaz” İstehsalat Birliyinin hələ də yay rejimində işləməsi vətəndaşların narazılığına səbəb olub. Bildirilir ki, kombilər evləri isitmir, sular yay havalarına uyğun temperaturdadır. Aidiyyəti qurum isə şikayətlərə reaksiya vermir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Razi Nurullayev Pravda.az-a açıqlamasında deyib ki, qaz təchizatı məsələsinə yalnız mövsümi problem kimi yanaşmaq düzgün deyil, çünki bu sahədə həm Nazirlər Kabinetinin xüsusi qərarı, həm də qaz təchizatçısının vəzifələrini müəyyən edən qanunvericilik normaları mövcuddur.
Deputat bildirib ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə payız-qış mövsümünə hazırlıq qaydaları təsdiq edilib: “Həmin sənəd qaz təchizatı sistemlərinin texniki vəziyyətinin yoxlanılmasını, mövsümi hazırlıq tədbirlərinin həyata keçirilməsini və istehlakçıların etibarlı qaz təchizatının təmin olunmasını nəzərdə tutur. Bundan başqa, 2025-ci ildə qəbul edilmiş yeni “Qaz təchizatı haqqında” Qanunun 11.3.11-ci maddəsi qazpaylayıcı sistem operatorunun üzərinə təchiz etdiyi qazın keyfiyyət göstəricilərinin və təzyiqinin texniki normativlərə uyğunluğunu təmin etmək öhdəliyi qoyur. Qanunun 13.5.3-cü maddəsi isə istehlakçıların etibarlı və fasiləsiz qaz təchizatı ilə təmin olunmaq hüququnu təsbit edir. Deməli, vətəndaşların evlərində kombilərin normal işləməməsi, isti su əldə edə bilməməsi və qaz təzyiqi ilə bağlı şikayətləri ciddi araşdırılmalıdır. Problem qazın təzyiqi ilə əlaqədardırsa, bunun texniki səbəbləri müəyyən edilməli və aradan qaldırılmalıdır. Başqa səbəblər varsa, abonentlərə aydın izahat verilməlidir. Bir məsələni də xüsusi qeyd etmək istəyirəm, payız-qış mövsümünə hazırlıq qış başlayandan sonra görülən iş deyil. Bu hazırlıq qabaqcadan aparılmalı, qazpaylayıcı şəbəkənin artan tələbatı qarşılamaq imkanları yoxlanılmalıdır. Vətəndaşların soyuq havalarda istiliksiz qalması isə xidmətin keyfiyyəti ilə bağlı ciddi suallar yaradır”.
R.Nurullayev deyib ki, vətəndaşların müraciətlərinə və jurnalist sorğularına cavab verilməməsi doğru yanaşma deyil: “Dövlət xidmətləri ictimaiyyət qarşısında açıq və hesabatlı olmalıdır. İnsanların narazılıqlarına susmaqla deyil, konkret cavab və əməli tədbirlərlə münasibət göstərilməlidir. Hesab edirəm ki, “Azəriqaz” yaranmış vəziyyətlə bağlı ictimaiyyətə rəsmi açıqlama verməli, hansı ərazilərdə qaz təzyiqinin normadan aşağı olduğunu, qış mövsümünə hazırlıq tədbirlərinin hansı səviyyədə tamamlandığını bildirməlidir. Enerji Məsələlərini Tənzimləmə Agentliyi də öz nəzarət səlahiyyətləri çərçivəsində məsələni araşdırmalıdır. Qaz təchizatı vətəndaşların gündəlik həyatına birbaşa təsir edən əhəmiyyətli xidmətdir və bu sahədə məsuliyyət formal yanaşma ilə əvəzlənməməlidir”.
Aytəkin Qardaşova