Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, 8 Noyabr - Zəfər Günü tədbirləri çərçivəsində, Xocalı soyqırımı zamanı qəhrəmancasına həlak olmuş şəhid Şöhrət Həsənova həsr edilən “Bir şəkil” sənədli filminin təqdimat mərasimi keçirilib. Təqdimatda Dövlət Komitəsinin rəsmi şəxsləri və əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşdığını qeyd edib. Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurda təhlükəsiz və ləyaqətli qayıdışı davam edir, indiyədək işğaldan azad edilmiş ərazilərdə 50-yə yaxın yaşayış məntəqəsində daimi məskunlaşma təmin olunub.
Daha sonra “Bir şəkil” sənədli filmi nümayiş etdirilib. Ekran əsəri Xocalının blokadada olduğu ağır günlərdə sakinlərin səsini dünyaya çatdıran “Xocalının səsi” qəzetinin nəşrində müstəsna xidmətlər göstərmiş Şöhrət Həsənovun ömür və döyüş yolundan bəhs edir. Filmdə onun Xocalıda həm qələmi, həm də silahı ilə mərdliklə mübarizə apardığı xüsusi vurğulanır.