İxtisas seçimi zamanı abituriyentlər yalnız qəbul balını deyil, gələcək peşə maraqlarını, şəxsi bacarıqlarını və əmək bazarının tələblərini də nəzərə almalıdırlar.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, Azərbaycanda ixtisas seçimi zamanı gələcək peşə maraqları və əmək bazarının tələbləri hər zaman nəzərə alınmır. Şagirdlərdən gələcəkdə hansı peşəyə yiyələnmək istədikləri soruşulduqda bəzən konkret peşə adı əvəzinə hansı ixtisas qrupu üzrə imtahan verəcəklərini söyləyirlər. Mövcud yanaşmada abituriyentlər bir ixtisasa qəbul ola bilmədikdə topladıqları bala uyğun başqa sahəni seçirlər. Nəticədə seçilən ixtisas onların maraq və bacarıqları ilə üst-üstə düşməyə bilər.