Qış aylarında havanın soyuması və evlərdə istilik sistemlərinin işləməsi otaq bitkilərinin sağlamlığına mənfi təsir göstərə, xüsusilə radiator, soba və isti döşəmə sistemləri bitkilərin yarpaqlarının qurumasına, köklərinin zədələnməsinə və inkişafının zəifləməsinə səbəb ola bilər.
Pravda.az bildirir ki, qışda otaq bitkilərinə qulluq zamanı ən vacib məqamlardan biri temperaturun sabit saxlanılması və otaqdakı rütubət səviyyəsinin qorunmasıdır.
Bitkiləri istilik mənbələrindən uzaq saxlayın
Mərkəzi istilik sistemləri evdəki havanı qurudur. Bu isə xüsusilə tropik iqlimə uyğunlaşmış otaq bitkiləri üçün ciddi problem yarada bilər. Radiatorların yaxınlığında yerləşən bitkilərin yarpaqları zamanla qəhvəyi rəng ala, solğunlaşa və qurumağa başlaya bilər.
Buna görə də dibçəkləri radiator və sobalardan mümkün qədər uzaq yerləşdirmək tövsiyə olunur.
İsti döşəmə sistemləri də bitkilərin köklərinə zərər verə bilər. Belə evlərdə dibçəkləri birbaşa yerə qoymaq əvəzinə rəf, masa və ya xüsusi bitki altlıqlarından istifadə etmək daha məqsədəuyğundur.