Analıq həssas mövzudur. Bu barədə fikir bildirməzdən əvvəl bir anlıq dayanıb düşünmək lazımdır. Çünki işləməyən, vaxtını evdə uşaqlarına və ailəsinə həsr edən analar da bəzən ətrafdakı insanların yersiz və düşünülməmiş fikirləri ilə qarşılaşırlar.
Pravda.az bildirir ki, qadınların əmək bazarında iştirakı getdikcə artır və işləyən anaların sayı da çoxalır. Bununla belə, bəzi qadınlar karyera qurmaq əvəzinə evdə qalaraq uşaqlarına baxmağı seçirlər. Bu seçim isə heç də onların asan və qayğısız həyat sürdüyü anlamına gəlmir.
Evdar analarla söhbət edərkən onların həyat tərzini kiçiltmək və ya seçimlərini sorğulamaq əvəzinə, diqqətli olmaq vacibdir. Bəs onlara hansı ifadələri deməkdən çəkinmək lazımdır?
“Yəqin, boş vaxtın çox olur!”
Ananın işləməməsi bütün vaxtının özünə qaldığı demək deyil. Günün 24 saatı diqqət və qayğıya ehtiyacı olan bir və ya bir neçə uşaqla məşğul olmaq bəzən iş həyatındakı gündəlik planlamadan daha çətin ola bilər.
Uşaqlar yatanda və ya ataları ilə harasa gedəndə ananın özünə vaxt ayırmaq imkanı yaranır. Amma bu zaman da yorğun ana nə edəcəyini seçməkdə çətinlik çəkir: ev işlərini tamamlasın, aylardır təxirə saldığı şəxsi baxımına vaxt ayırsın, yoxsa rəfiqəsi ilə görüşüb bir az söhbət etsin?
Həftənin hər günü işə getməmək evdar ananın bol-bol boş vaxtının olması demək deyil.
“Sənin həyatın daha sakit keçir!”
Bəli, işə tələsmək, iş görüşlərinə çatmaq kimi qayğılarım olmaya bilər. Amma uşaqların problemləri də heç vaxt bitmir!
Hər gün yeni hadisələrlə qarşılaşan və uşaqların qayğısını çəkən ana üçün sakitlik bəzən hamı yatdıqdan sonra ayaqlarını uzadıb bir az dincəlməkdən ibarətdir.
“Əslində, uşaqlar üçün belə daha yaxşıdır...”
Əlbəttə, uşaqların anaları ilə vaxt keçirməsi onlar üçün faydalıdır. Amma işləyən anaların da uşaqlarına zərər verdiyini söyləmək doğru deyil.