Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksinin 2-ci mərhələsi üzrə, eləcə də Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən mənzillərin güzəştli satışını elan edib.
Bu barədə MİDA məlumat yayıb.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, 10L ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 5 mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 may küçəsi, 590 saylı sahə ünvanında yerləşən Binəqədi Yaşayış Kompleksi üzrə 839 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 201 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 4 mənzilin, ümumilikdə 1 049 mənzilin satışı dekabrın 16-sı saat 11:00-da başlayacaq və saat 13:00-a qədər davam edəcək.
"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə həmin gün saat 12:00-da başlayacaq və saat 13:00-a qədər davam edəcək.
Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.