Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Kimyaterapiya xəstələrin vəziyyətini daha da ağırlaşdırır? - Həkimdən AÇIQLAMA

Paylaş:
Kimyaterapiya xəstələrin vəziyyətini daha da ağırlaşdırır? - Həkimdən AÇIQLAMA
Bizi Google News-da izləyin

Kimyaterapiya xərçənglə mübarizədə ən çox tətbiq olunan müalicə üsullarından biri olsa da, onun ətrafında mübahisələr səngimir. Müalicənin ağır yan təsirləri ilə bağlı yayılan fikirlər bəzi xəstələrdə narahatlıq yaradır. Hətta kimyaterapiyanın xəstəliyə çarə olmaq əvəzinə, insanın vəziyyətini daha da ağırlaşdırdığı iddia olunur.

Bəs kimyaterapiya ilə bağlı yayılan fikirlər nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Amerika və Avropa Onkoloqlar cəmiyyətinin üzvü, tibbi onkoloq Pərvanə Rüstəmova bildirib ki, sosial şəbəkələrdə, qeyri-peşəkar mənbələrdə və ətraf mühitdə yayılan yanlış məlumatlar düzgün müalicə qərarı verməyə mane ola bilir.

O deyib ki, xərçəng diaqnozu insanın həyatında ciddi psixoloji sarsıntı yaradan hadisələrdən biridir: “Belə bir diaqnozla qarşılaşan xəstə və ailəsi təbii olaraq ən effektiv və eyni zamanda ən az zərərli müalicə üsulunu axtarır. Son dövrlərdə tez-tez eşitdiyimiz fikirlərdən biri də budur ki, kimyaterapiya orqanizmi məhv edir, xəstəni daha da zəiflədir və hətta ölümünü sürətləndirir. Kimyaterapiya bədxassəli şiş hüceyrələrinin məhv edilməsi və ya onların bölünməsinin dayandırılması məqsədilə istifadə olunan sistemik müalicə üsuludur. Bu preparatlar əsasən sürətlə bölünən hüceyrələrə təsir göstərir. Lakin orqanizmdə sağlam hüceyrələrin də bir qismi sürətlə yeniləndiyindən, kimyaterapiya bəzi sağlam toxumalara da təsir edə bilər. Məhz buna görə müalicə zamanı ürəkbulanma, qusma, saç tökülməsi, halsızlıq, qan hüceyrələrinin azalması, infeksiyalara meyillilik və digər əlavə təsirlər müşahidə oluna bilər. Yan təsirlərin olması müalicənin zərərli və ya faydasız olması demək deyil. Müasir onkologiyada preparatlar xəstənin diaqnozuna, xəstəliyin mərhələsinə, ümumi vəziyyətinə, yanaşı xəstəliklərinə və laborator göstəricilərinə əsasən seçilir. Müalicə müddətində xəstələr mütəmadi nəzarətdə saxlanılır, qan analizləri yoxlanılır, ehtiyac olduqda dozalar dəyişdirilir və ya müalicəyə fasilə verilir”.

Onkoloq qeyd edib ki, kimyaterapiyanın ağır, hətta nadir hallarda həyati təhlükə yarada bilən toksik təsirləri mümkündür: “Lakin bu risklərin mövcudluğu onun onkologiyada əhəmiyyətini inkar etmir. Məqsəd müalicənin gözlənilən faydası ilə mümkün riskləri düzgün qiymətləndirməkdir. Bir çox xərçəng növündə kimyaterapiya xəstəliyin sağaldılmasına, residiv riskinin azaldılmasına və ya metastatik xəstəlikdə yaşam müddətinin uzadılmasına mühüm töhfə verir. Kimyaterapiya onkologiyanın əsas müalicə üsullarından biridir və bir çox xərçəng növündə müalicə strategiyasının ayrılmaz hissəsini təşkil edir. Onun tətbiqi müxtəlif məqsədlər daşıya bilər. Sağaldıcı məqsədlə: Bəzi xərçəng növlərində kimyaterapiya xəstəliyin tam sağaldılmasını təmin edə bilər, əməliyyatdan əvvəl (neoadjuvant): Şişin ölçüsünü kiçildərək əməliyyat imkanlarını artıra və bəzi hallarda orqanqoruyucu cərrahiyyəyə şərait yarada bilər, əməliyyatdan sonra (adjuvant): Müayinələrlə aşkarlanmayan mikroskopik xərçəng hüceyrələrinin məhv edilməsinə və xəstəliyin təkrarlanma riskinin azaldılmasına xidmət edir, metastatik xəstəlikdə: Şişin böyüməsini ləngidə, metastazları kiçildə, simptomları azalda və xəstənin yaşam müddətini uzada bilər. Məsələn, süd vəzi xərçəngində müəyyən risk qrupuna aid xəstələrdə əməliyyatdan sonra verilən kimyaterapiya xəstəliyin təkrarlanma riskini azalda və sağqalma göstəricilərini yaxşılaşdıra bilər. Bəzi limfoma, leykoz və xaya xərçəngi növlərində isə kimyaterapiya hətta irəliləmiş xəstəlik mərhələlərində belə sağalma şansı yarada bilər. Kimyaterapiya hər xəstəyə eyni şəkildə təyin olunmur. Müalicə qərarı fərdi risk qiymətləndirilməsi və elmi sübutlar əsasında verilir”.

P.Rüstəmovanın sözlərinə görə, müasir onkologiyada kimyaterapiyadan başqa da effektiv müalicə üsulları mövcuddur: “Lakin bunlar kimyaterapiyanın bütün hallarda birbaşa əvəzedicisi hesab edilə bilməz. Cərrahi müalicə: Şişin və ehtiyac olduqda ətraf toxumaların cərrahi yolla çıxarılması, şüa terapiyası: Yüksək enerjili şüalar vasitəsilə şiş hüceyrələrinin məhv edilməsi, hormonoterapiya: Hormonlardan asılı olan bəzi süd vəzi və prostat xərçənglərinin müalicəsi, hədəfəyönümlü terapiya: Şiş hüceyrələrində aşkarlanan spesifik molekulyar dəyişiklikləri hədəfləyən preparatların istifadəsi, immunoterapiya: İmmun sisteminin xərçəng hüceyrələrinə qarşı mübarizə qabiliyyətini gücləndirən müalicə, antikor-dərman konjuqatları (ADC): Xərçəng hüceyrələrini müəyyən hədəflər vasitəsilə tanıyan və onlara sitotoksik preparat çatdıran müasir müalicə üsulları mövcuddur. Son illərdə molekulyar genetika və immunologiya sahəsində əldə olunan nailiyyətlər onkoloji müalicədə böyük dəyişikliklər yaradıb. Artıq bəzi xəstələrdə şişin molekulyar xüsusiyyətlərinə əsasən fərdiləşdirilmiş müalicə seçmək mümkündür. Lakin hədəfəyönümlü terapiya və immunoterapiya hər xəstəyə uyğun deyil. Onların istifadəsi üçün konkret biomarkerlər, molekulyar xüsusiyyətlər və klinik göstərişlər tələb oluna bilər. Bəzi xəstələrdə ən effektiv yanaşma kimyaterapiya, immunoterapiya, hədəfəyönümlü müalicə, cərrahiyyə və şüa terapiyasının kombinasiyasıdır. Deməli, məsələ kimyaterapiyanı başqa müalicə ilə əvəz etmək deyil, konkret xəstə üçün ən doğru müalicə strategiyasını müəyyənləşdirməkdir”.

Onkoloq onu da əlavə edib ki, kimyaterapiya ilə bağlı qorxunun bir neçə səbəbi var: “Cəmiyyətdə uzun illər ərzində formalaşmış yanlış təsəvvürlər, keçmiş dövrlərdə istifadə olunan preparatların yan təsirləri və xəstələrin bir-birindən eşitdikləri mənfi təcrübələr bu qorxunu artırır. Bu gün dəstəkləyici müalicə imkanları əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə inkişaf edib. Müasir ürəkbulanma əleyhinə preparatlar, infeksiya riskinin idarə olunması, qan göstəricilərinin monitorinqi, ağrı və digər simptomların nəzarətdə saxlanılması müalicənin daha təhlükəsiz və dözümlü aparılmasına kömək edir. Kimyaterapiya alan hər xəstənin saçının tökülməsi, yatağa düşməsi və gündəlik həyat fəaliyyətini itirməsi mütləq deyil. Bir çox xəstə müalicə müddətində gündəlik həyatını, sosial fəaliyyətini və hətta işini davam etdirə bilir. Kimyaterapiya almamaq və ya müalicəni gecikdirmək daha təhlükəsiz seçim ola bilərmi? Bu suala bütün xəstələr üçün eyni cavabı vermək mümkün deyil. Qərar xərçəngin növündən, mərhələsindən, bioloji xüsusiyyətlərindən və müalicənin məqsədindən asılıdır. Bəzi hallarda kimyaterapiyanın verilməməsi tibbi cəhətdən düzgün qərar ola bilər. Məsələn, müəyyən erkən mərhələli şişlərdə əməliyyat və ya digər müalicələr kifayət edə bilər. Lakin kimyaterapiyanın elmi göstəriş olduğu hallarda ondan əsassız imtina etmək və ya müalicəni gecikdirmək xəstəliyin proqressivləşməsinə, sağalma şansının azalmasına və müalicə imkanlarının məhdudlaşmasına səbəb ola bilər. Xəstələr sosial şəbəkələrdəki məlumatlara və qeyri-elmi məsləhətlərə əsaslanaraq müalicəni dayandırmamalıdırlar. Müalicə ilə bağlı tərəddüd varsa, bunu müalicə həkimi ilə müzakirə etmək, ehtiyac olduqda ikinci onkoloji rəy almaq vacibdir. Sağlam qidalanma, fiziki aktivlik, psixoloji dəstək və düzgün həyat tərzi xərçəng xəstələrinin ümumi vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Lakin bu vasitələrin heç biri sübut olunmuş onkoloji müalicəni əvəz etmir. Müxtəlif bitki qarışıqlarının, yüksək dozalı vitaminlərin, detoks proqramlarının və xüsusi pəhrizlərin xərçəngi sağaltdığı barədə etibarlı elmi sübut yoxdur. Bəzi bitki tərkibli məhsullar kimyaterapiya və digər onkoloji preparatlarla qarşılıqlı təsirə girərək onların effektivliyinə və təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Buna görə xəstələr istifadə etdikləri bütün vitaminlər, qida əlavələri və bitki mənşəli preparatlar haqqında müalicə həkimini məlumatlandırmalıdırlar. Müasir onkologiya sürətlə inkişaf edir. Bir çox xərçəng növündə erkən diaqnoz və düzgün müalicə ilə tam sağalma mümkündür. İrəliləmiş mərhələlərdə belə xəstəliyə nəzarət etmək, yaşam müddətini uzatmaq və həyat keyfiyyətini qorumaq üçün effektiv müalicə imkanları mövcuddur. Hər bir xəstənin müalicə planı fərdi şəkildə hazırlanmalıdır. Patoloji nəticələr, xəstəliyin mərhələsi, lazım gəldikdə molekulyar-genetik analizlər və xəstənin ümumi sağlamlıq vəziyyəti birlikdə qiymətləndirilməlidir. Ən əsası, xəstələr qorxu və yanlış məlumatlar səbəbindən müalicədən uzaqlaşmamalıdırlar. Onkologiyada zaman çox önəmlidir. Düzgün diaqnoz, vaxtında başlanılan müalicə və həkim-xəstə əməkdaşlığı müalicənin uğurunda mühüm rol oynayır. Müasir onkologiyanın məqsədi yalnız ömrü uzatmaq deyil, həm də həmin ömrün keyfiyyətini qorumaqdır”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər