Kombinin hər il yuyulması mütləq deyil. Əsas məsələ cihazın texniki vəziyyətidir. Bununla belə, radiator xətlərinin və istilik sisteminin ildə bir dəfə təmizlənməsi faydalıdır.
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik probleminin qarşısını almaq və yüksək kommunal xərclərlə üzləşməmək üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir.
Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq? Kombini hər il yuduzdurmaq lazımdırmı? Texniki baxış və yuma hansı hallarda zəruridir, bunun qiyməti nə qədərdir? Qış boyu evin istiliyini qoruyarkən enerjiyə və qaza qənaət etmək üçün hansı məqamlara diqqət edilməlidir?
İstilik və soyutma sistemləri üzrə mütəxəssis Səxavət Orucovun sözlərinə görə, kombini qış mövsümünə hazırlayarkən ilk növbədə peşəkar mütəxəssis tərəfindən texniki baxış keçirilməlidir. Bu zaman kombinin elektrik, qaz və su sistemi, eləcə də radiator xətləri yoxlanılmalıdır.
“Elektrik şəbəkəsinə qoşularaq mühərrikin, fanın və digər komponentlərin işlək vəziyyətdə olub-olmaması yoxlanılır. Eyni zamanda qazın normal yanıb-yanmadığı və tənzimləyici sistemlər yoxlanılır. Daha sonra radiatorlar və istilik xətləri nəzərdən keçirilir. Lazım gəldikdə radiatorlar təmizlənir, sistem yenidən yığılır və nasaz detallar dəyişdirilir”, – deyə ekspert bildirib.
Kombini hər il yuduzdurmaq lazımdırmı?
S.Orucov hesab edir ki, kombinin hər il yuyulması mütləq deyil. Əsas məsələ cihazın texniki vəziyyətidir. Bununla belə, radiator xətlərinin və istilik sisteminin ildə bir dəfə təmizlənməsi faydalıdır.
Ekspertin sözlərinə görə, kombinin yuyulmasının vahid qiyməti yoxdur və məbləğ mənzilin sahəsindən, kombinin gücündən və sistemin vəziyyətindən asılıdır. 60-70 kvadratmetrlik mənzillərdə 18 və ya 24 kilovatlıq kombinin yuyulması adətən 50-70 manata başa gəlir. Daha böyük və çoxsaylı kombi sistemlərində isə qiymət 150-200 manata qədər yüksələ bilər.
Radiatorların düzgün seçilməsi qaz sərfiyyatına da təsir edir
S.Orucov bildirib ki, enerjiyə və qaza qənaət üçün yalnız kombinin deyil, bütövlükdə istilik sisteminin düzgün qurulması vacibdir. Radiatorların sayı və ölçüsü otağın sahəsinə uyğun seçilməlidir.
“İmkan varsa, radiatorun istilikvermə gücünü bir qədər yüksək seçmək daha məqsədəuyğundur. Bu zaman kombi otağı daha rahat qızdırır və qoyulmuş temperatura daha tez çatır. Nəticədə cihaz fasilələrlə işləyir və enerji sərfiyyatı azalır”, – deyə ekspert vurğulayıb.
Mütəxəssis kombinin yuyulmasına və ya texniki baxışa ehtiyac olduğunu göstərən əlamətlərə də diqqət çəkib. Onun sözlərinə görə, kombi 45-50 dərəcədə işlədiyi halda radiatorlar lazımi qədər qızmırsa, səbəb istilik xətlərində tıxanma və ya radiatorların düzgün seçilməməsi ola bilər.
“Kombinin tez-tez sönməsi, təzyiqinin aşağı düşməsi və səsli işləməsi də diqqətdən kənarda saxlanılmamalıdır. Səsli işləmənin səbəbi fan və ya digər nasazlıq ola bilər. Təzyiq davamlı aşağı düşürsə, su sızmasının və ya doldurma kranında problemin olub-olmaması yoxlanılmalıdır”, – deyə o bildirib.