Qış mövsümünün yaxınlaşması ilə Azərbaycanda mənzillərin isidilməsi məsələsi yenidən aktuallaşıb. Paytaxtda və bölgələrdə minlərlə ailə evini isitmək və isti su ilə təmin etmək üçün kombi sistemlərindən istifadə edir. Bir çox insan kombinin ənənəvi qaz sobalarından daha təhlükəsiz olduğunu düşünür. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, düzgün quraşdırılmayan və texniki baxışdan keçirilməyən kombilər də dəm qazından zəhərlənmə təhlükəsi yarada bilər.
Bəs kombi işləyən evdə dəm qazı necə yaranır? Hansı nasazlıqlar insan həyatı üçün təhlükəlidir? Kombinin yerləşdiyi otaqda yatmaq olarmı və zəhərlənmənin ilk əlamətlərini necə müəyyən etmək mümkündür?
Kombi dəm qazı yarada bilərmi?
Dəm qazı, yəni karbonmonoksid (CO) təbii qaz və digər yanacaqların tam yanmaması nəticəsində əmələ gələn rəngsiz, qoxusuz və son dərəcə zəhərli qazdır.
Mütəxəssislərin izahlarına əsasən, normal işləyən, düzgün quraşdırılmış və yanma məhsullarını təhlükəsiz şəkildə xaric edən kombi sistemində dəm qazının yaşayış sahəsinə daxil olmaması nəzərdə tutulur.
Lakin cihazın yanma sistemində nasazlıq, hava təchizatında problem, tüstü borusunda tıxanma və ya düzgün olmayan quraşdırma dəm qazının yaranmasına və mənzilə sızmasına səbəb ola bilər.
Xüsusilə tüstü qazlarının xaric edilməsi sistemi zədələndikdə təhlükə artır. Bəzi hallarda cihaz işləməyə davam etsə də, yanma məhsulları təhlükəsiz şəkildə kənarlaşdırılmır.
Ən böyük səhv: Kombi işləyirsə, deməli, təhlükəsizdir
Bəzi vətəndaşlar kombinin normal şəkildə suyu isitdiyini və radiatorların qızdığını görərək cihazın tam təhlükəsiz olduğunu düşünürlər.
Halbuki kombinin işləməsi onun bütün təhlükəsizlik sistemlərinin saz vəziyyətdə olduğunu sübut etmir.
Müasir kombilərin bir çoxunda müxtəlif təhlükəsizlik sensorları mövcuddur. Lakin bu sistemlərə tam güvənərək dövri texniki baxışdan imtina etmək düzgün deyil.
Kombinin tüstü borusunun vəziyyəti, qaz birləşmələri, yanma prosesi və havalandırma şəraiti ixtisaslı mütəxəssis tərəfindən yoxlanılmalıdır.
Kombini yataq otağında quraşdırmaq olarmı?
Azərbaycanda bəzi mənzillərdə yer çatışmazlığı səbəbindən kombilər eyvanlarda, mətbəxlərdə və digər qapalı sahələrdə yerləşdirilir.