İraqın keçmiş diktatoru Səddam Hüseynin aviaparkına daxil olmuş iki “Boeing 747” təyyarəsi satışa çıxarılıb. Artıq 30 ildən çoxdur Tunisdəki hava limanında saxlanılan laynerlərin hər biri təxminən 900 min dollar dəyərində qiymətləndirilib.
Bu barədə Almaniyanın “Stern” nəşri məlumat yayıb.
İraqın milli aviadaşıyıcısı “Iraqi Airways” tərəfindən satışa çıxarılan təyyarələr 1982-ci ildə istehsal olunub. Onlar 1990-cı ilin avqustunda İraqın Küveytə müdaxiləsindən sonra Tunisin hava limanına aparılıb.
Həmin vaxt İraq hakimiyyəti təyyarələri mümkün hərbi zərbələrdən qorumaq məqsədilə ölkədən çıxarmaq qərarına gəlib. Lakin Körfəz müharibəsi başa çatdıqdan sonra beynəlxalq sanksiyalar və həllini tapmayan maliyyə məsələləri səbəbindən laynerləri İraqa qaytarmaq mümkün olmayıb.
Satışa çıxarılan laynerlərdən biri aviasiya həvəskarlarının xüsusi marağına səbəb ola bilər. Söhbət “Boeing 747SP” modelindən gedir. Bu təyyarə məşhur genişgövdəli “Boeing 747”nin qısaldılmış versiyasıdır və uzun məsafəli uçuşlar üçün hazırlanıb.
Ümumilikdə bu modeldən cəmi 45 ədəd istehsal edildiyi üçün o, nadir təyyarələr sırasına daxildir.