Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Uğur Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrum edilib.
Goranboy rayonunun Dəliməmmədli şəhərində yerləşən marketlərin birinə gecə saatlarında maska və iki bıçaqla daxil olaraq kassadakı pulun bir hissəsini götürən Uğur Yusifovun cinayət işi üzrə məhkəmə araşdırmasının təfərrüatları məlum olub.
İttihama görə, hadisə bu il saat 03:03 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərində yerləşən marketlərdən birində baş verib.
Belə ki, Uğur Yusifov özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə əvvəlcədən hazırlıq görüb. O, şəxsiyyətini gizlətmək üçün üzünə qara rəngli maska taxıb, əllərinə fəhlə əlcəyi keçirib və özü ilə iki bıçaq götürüb.
Daha sonra marketin açıq olan giriş qapısından ticarət zalına daxil olaraq birbaşa kassa aparatına yaxınlaşıb. Kassadakı pul vəsaitini götürmək istədiyi zaman onun hərəkətlərinin qarşısını almağa çalışan satıcı ilə üz-üzə gəlib.
İttiham aktına əsasən, vitrinin qarşısında dayanan satıcını zərərsizləşdirmək məqsədilə Uğur Yusifov əlindəki bıçağı 1-2 metr məsafədən ona tərəf yönəldib. Satıcıya yaxınlaşmamasını, əks halda onu öldürəcəyini və sağlamlığına xəsarət yetirəcəyini bildirib.
Bu hədələrlə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün real təhlükə yaradan zorakılıq tətbiq ediləcəyi qorxusu yaradılıb. Bundan sonra Uğur Yusifov kassa çəkməcəsində olan 453 manat nağd pulun 410 manatını götürərək marketdən çıxıb və hadisə yerindən qaçıb.
İstintaq orqanı Uğur Yusifovun bu hərəkətlərini özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət olunan quldurluq kimi qiymətləndirib. Ona Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə ittiham elan olunub.
Məhkəmə istintaqı zamanı Uğur Yusifov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində hadisə günü içkili olduğunu və baş verənləri dəqiq xatırlamadığını deyib.
Kamal Məmmədov