Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əli Rəsulovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varisinin apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, 1957-ci il təvəllüdlü Yevlax rayonunda uzun müddətdir davam edən torpaq mübahisəsi ağır cinayət hadisəsi ilə nəticələnib. Belə ki, təqsirləndirilən şəxs uzun illər istifadə etdiyi torpaq sahəsi ilə bağlı yaranan mübahisə zəminində kənd sakinini ov tüfəngi ilə qətlə yetirib, daha sonra mərhumun yaşadığı evə qanunsuz daxil olaraq onun həyat yoldaşını öldürməklə hədələyib.
İttihama aktına əsasən, Əli Rəsulov Yevlax rayonunun Malbinəsi kəndi ərazisində yerləşən 2,61 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2007-ci ildən istifadə edib. O, həmin torpaq sahəsini əvvəlki sahiblərindən şifahi razılıq əsasında pul müqabilində aldığını iddia etsə də, torpaq sahibləri onun yalnız müəyyən müddətə icarəçi olduğunu bildirərək ərazinin geri qaytarılmasını tələb ediblər.
Mübahisə nəticəsində məsələ məhkəməyə çıxarılıb və məhkəmə qərarı ilə təqsirləndirilən şəxsin həmin torpaq sahəsindən çıxarılması qət edilib. Bundan sonra torpaq sahəsindən mərhum Ruslan Mustafayev istifadə etməyə başlayıb.
İstintaqla müəyyən edilib ki, 2025-ci ilin iyun ayında Əli mübahisəli torpaq sahəsinin yaxınlığından keçərkən əvvəllər özünün əkib-becərdiyi yonca sahəsinin biçildiyini və bağlamalar şəklində satışa hazır vəziyyətə gətirildiyini görüb. Həmin gün axşam saatlarında o, kənddə Ruslan Mustafayevlə qarşılaşıb və torpaq sahəsinin ona qaytarılmasını tələb edib. Lakin Ruslan torpaq sahəsinin ailəsinə məxsus olduğunu bildirərək bu tələbi rədd edib və aralarında mübahisə yaranıb. Zərərçəkmişin onu nalayiq ifadələrlə təhqir etməsi Əlinin qisas almaq niyyətini gücləndirib və o, həmin gecə Ruslanı öldürmək qərarına gəlib.