Niderlandın Haaqa şəhərinin mərkəzində toplaşan gənclər polis tərəfindən dağıdılmağa başlanıb. Buna səbəb sosial şəbəkələrdə "Z nəsli etirazları"na çağırışların yayılması olub.
Hadisə yerinə iğtişaşlara qarşı mübarizə bölməsinin onlarla əməkdaşı və polis cəlb edilib. Şəhər mərkəzində bir neçə küçə bağlanıb.
Polis gəncləri əvvəlcə etiraz aksiyasının keçirilməsinin planlaşdırıldığı Maliveld meydanına doğru sıxışdırıb. Daha sonra bir neçə yüz gənc polisdən yayınaraq meydandan Haaqa Mərkəzi Dəmiryol Vağzalı istiqamətində qaçıb. Vağzalın ərazisində vaxtaşırı pirotexniki vasitələrin partlayış səsləri eşidilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları toplaşanları ərazini tərk etməyə çağırırlar.