Öz-özünə danışmaq birbaşa hər hansı psixi pozuntunun göstəricisi deyil. Əksər hallarda bu, insanın daxili dialoqunun davamıdır. Lakin bu zaman deyilənlərin məzmununa, səs tonuna və insanın öz danışığına nə dərəcədə nəzarət edə bilməsinə diqqət yetirmək vacibdir.
Pravda.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə psixoterapevt, psixoloq və ekspert Yekaterina Makarova Gazeta.ru-ya açıqlamasında məlumat verib.
Mütəxəssisin sözlərinə görə, hər birimiz mütəmadi olaraq daxili dialoq aparırıq. Sadəcə, bəzilərimiz düşüncələrimizi ucadan ifadə edir, digərlərimiz isə bunu səssiz şəkildə edir. Bu vərdiş uşaqlıq dövründə formalaşır. Valideynlər baş verənləri şərh etdikdə və öz hərəkətlərini izah etdikdə, uşaq da ətraf aləmlə bu cür ünsiyyət qurmağı öyrənir.
"Danışığın məzmununu qiymətləndirmək böyük əhəmiyyət daşıyır. Əgər insan sadəcə öz hərəkətlərini təsvir edir və ya "yaxşı alındı", "mənə afərin" kimi dəstəkləyici ifadələr işlədirsə, bu, daxili dəstəyin və sağlam psixikanın göstəricisidir", - deyə Makarova qeyd edib.
Bununla belə, insanın özünə qarşı davamlı təhqiramiz və alçaldıcı ifadələr işlətməsi, özünə qarşı sərt tələblər qoyması aşağı özgüvənlə və ya keçmişdə yaşadığı mənfi təcrübələrlə əlaqəli ola bilər.