Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Pensiya və sosial müavinətlər nə qədər artacaq? - AÇIQLAMA

Paylaş:
Pensiya və sosial müavinətlər nə qədər artacaq? - AÇIQLAMA
Bizi Google News-da izləyin

“Pensiya və sosial müavinətlərin artırılması dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biridir. Bu məsələyə ayrı-ayrı vəzifələr üzrə əməkhaqqı dəyişiklikləri ilə müqayisədə daha geniş hüquqi və iqtisadi çərçivədə yanaşmaq lazımdır. Çünki dövlət qulluqçularının əməyinin ödənilməsi və pensiya təminatı fərqli qanunvericilik mexanizmlərinə əsaslanır. Üstəlik, 2026-cı ildə rəhbər vəzifələr üzrə müəyyənləşdirilmiş yeni maaşlara əvvəlki vəzifə maaşları, əlavələr və digər ödənişlər daxil edilib. Buna görə açıqlanan məbləğləri bütövlükdə əlavə artım kimi qiymətləndirmək iqtisadi baxımdan düzgün olmaz”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov pensiya və ya müavinət artımlarının yüksək rütbəli məmurların əməkhaqları ilə müqayisə edilməsindən bəhs edərkən deyib.

Rövşən Muradov: “Diplomatların gördüyü mənzərəyə etiraz edənlər  Azərbaycanın gələcəyini mübahisələndirə bilməzlər” Pravda.az

R.Muradov xatırladıb ki, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən, pensiyaların sığorta hissəsi ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir: “2026-cı ildə pensiyalar 9,3 faiz artırılıb, oktyabrın 1-nə orta aylıq pensiya 596 manata çatıb. 2027-ci ilin büdcə layihəsində isə pensiyaların təqribən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat nəzərdə tutulur. Yekun artım faizi 2026-cı ilin faktiki əməkhaqqı göstəricilərinə əsasən müəyyənləşdiriləcək”.

Deputat qeyd edib ki, pensiya sisteminin maliyyə dayanıqlılığı baxımından da müsbət göstəricilər mövcuddur: “2027-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 9,22 milyard, xərcləri isə 9,27 milyard manat proqnozlaşdırılır. Gəlirlərin 7,6 milyard manatının, yəni 82,3 faizinin məcburi sosial sığorta haqları hesabına formalaşması nəzərdə tutulur. Bu daxilolmaların 67,5 faizinin qeyri-büdcə sektorunun payına düşməsi xüsusilə əhəmiyyətlidir. Çünki rəsmi məşğulluğun genişlənməsi, əməkhaqlarının yüksəlməsi və sahibkarlıq fəaliyyətinin inkişafı sosial sığorta sisteminin maliyyə imkanlarını gücləndirir. Gəlir və xərclər arasındakı 52 milyon manatlıq fərqin əvvəlki illərin ehtiyatları hesabına maliyyələşdirilməsi planlaşdırılır. Diqqətəlayiq digər məqam Fondun 2027-ci il xərclərinin 96,5 faizinin, yaxud 8,95 milyard manatının birbaşa əhaliyə ödənişlərə yönəldilməsidir. Bunun 8,67 milyard manatı pensiyalara, 280,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinətlərə ayrılacaq. Müavinətlər üzrə xərclərin 2026-cı ilin gözlənilən icrası ilə müqayisədə 45,3 faiz artırılması proqnozlaşdırılır. Bu göstərici sosial müdafiənin genişləndirilməsi üçün nəzərdə tutulan maliyyə imkanlarını əks etdirir. Xüsusilə gənc ailələrin sosial müdafiəsi istiqamətində nəzərdə tutulan tədbirlər diqqətəlayiqdir. Təqdim olunan büdcə proqnozlarında uşağın doğulmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata, üç yaşınadək uşağa qulluq üzrə aylıq müavinətin isə 100 manata çatdırılması imkanları əksini tapır. Bu məbləğlər hələ qüvvəyə minmiş yeni ödəniş normaları kimi qiymətləndirilməməlidir. Onların tətbiqi müvafiq hüquqi qərarların qəbulundan asılıdır”.

Parlamentin üzvü vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas məqsədi vətəndaşların rifahının yüksəldilməsi və sosial müdafiənin davamlı gücləndirilməsidir: “Altıncı sosial islahat paketi üçün 2027-ci ilin büdcələrində maliyyə təminatının nəzərdə tutulması bu istiqamətdə növbəti addımların planlaşdırıldığını göstərir. Eyni zamanda, sosial siyasətin nəticələri yalnız nominal artım faizləri ilə ölçülməməlidir. Əsas iqtisadi meyar pensiya və müavinətlərin əhalinin real alıcılıq qabiliyyətinə təsiri, həmin artımların inflyasiya şəraitində öz dəyərini qoruması və uzunmüddətli maliyyə imkanları ilə uzlaşmasıdır. Dövlətin qarşıya qoyduğu başlıca vəzifə sosial öhdəliklərin etibarlı icrasını təmin etməklə iqtisadi inkişafın nəticələrini vətəndaşların gündəlik həyatında daha dolğun əks etdirməkdir”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər