Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Pravda.az Gununsesi.info-ya istinadla xəbər verir ki, Ramiz Mehdiyevin cinayət işi üzrə materialların araşdırması zamanı məlum olub ki, keçmiş PA rəhbəri yazdıqlarını Rusiyanın yüksəkvəzifəli şəxslərinə Sevil İsmayılova vasitəsilə çatdırırmış.

İş materiallarından aydın olur ki, Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyasına dair təklifləri əks etdirən sənəd çapı və Rusiya tərəfinə çatdırılması prosesində S.İsmayılovanın adı xüsusi olaraq çəkilir.
Ramiz Mehdiyev ifadəsində bildirib ki, hazırladığı əlyazmada Azərbaycanın son beş ildə üzləşdiyi siyasi və idarəetmə problemləri, ölkədə yaranmış vəziyyət və gələcək perspektivlər əksini tapıb.
İttiham aktında onun ifadəsindən aşağıdakı məqam yer alıb:
"Əlyazmanın məzmunu xatirimdədir, onu şəxsən özüm avqustdan təxminən bir ay öncə hazırlamağa başlamışam. Əlyazmanın çapını Sevil İsmayılovaya həvalə etdim".