“Alış-veriş etmək istəyirəm, amma pul xərcləmək istəmirəm” deyənlər üçün yeni rəqəmsal trend – “dopamin saytları” populyarlıq qazanıb. avda
Pravda.az bildirir ki, Cənubi Koreyada yaranan bu platformalar istifadəçilərə heç bir ödəniş etmədən alış-veriş, yemək sifarişi və sosial şəbəkələrdə vaxt keçirmək təcrübəsi yaşadır.
Bu saytlarda istifadəçilər məhsulları nəzərdən keçirir, səbətə əlavə edir, sifariş yaradır və hətta çatdırılma prosesini izləyə bilirlər. Lakin bütün bunlar virtual formada baş verir: nə ödəniş edilir, nə də sifariş edilən məhsul və ya yemək ünvana çatdırılır.
Trend xüsusilə impulsiv alış-verişdən və lazımsız xərclərdən uzaq durmaq istəyən insanların marağına səbəb olub.
Dünyada diqqət çəkən “dopamin saytları”:
FoodNeverComes – Yemək sifarişi simulyasiyası
İstifadəçilər restoranda olduğu kimi menyuya baxır, yemək seçir, səbət yaradır və sifariş verir. Hətta virtual kuryerin xəritədə hərəkətini izləmək də mümkündür. Ancaq sifariş heç bir real restorana göndərilmir.
Dopamine Shop – Pul xərcləmədən alış-veriş
Onlayn mağaza görünüşündə hazırlanan platformada istifadəçilər məhsulları araşdıra, qiymətləri müqayisə edə və onları səbətə əlavə edə bilirlər. Alış-veriş prosesi tamamlanır, lakin real ödəniş və çatdırılma həyata keçirilmir.
FoodNeverArrives – Virtual yemək sifarişi
Cənubi Koreyada yaradılan bu platforma yemək sifarişi tətbiqlərinin fəaliyyətini təqlid edir. İstifadəçilər sifariş verib çatdırılmanı izləyirlər. Sonda isə onlara sifariş etməməklə həm pula, həm də kaloriyə qənaət etdikləri barədə mesaj göstərilir.
ChillSpace – Sosial şəbəkə simulyasiyası
Bu platforma paylaşım etmək, bəyənmək və şərh yazmaq kimi funksiyaları imitasiya edir. Lakin real sosial əlaqə yaratmır. Məqsəd sosial şəbəkələrdəki qarşılıqlı əlaqə hissini onların yaratdığı təzyiq olmadan yaşatmaqdır.
Online Smoke Break – Fasilə simulyasiyası
Cənubi Koreyada ortaya çıxan bu sayt siqaret fasiləsi vərdişini təqlid edir. İstifadəçilər fasiləyə başlamaq düyməsini sıxaraq həmin anda fasilə verən digər insanların sayını görə bilirlər. Bəzi hallarda anonim mesajlar da paylaşmaq mümkündür.
Dopamine Chic – Pul xərcləmədən moda alış-verişi
Onlayn moda mağazasını xatırladan platformada istifadəçilər geyim və aksesuarları araşdıra bilirlər. Endirimlər və xüsusi kampaniyalar təqdim olunsa da, ödəniş məbləği həmişə sıfır olaraq qalır. Platforma qeydiyyat, ad, ünvan və bank kartı məlumatları tələb etmir.
Fake Eats – Virtual yemək sifarişi
iOS üçün hazırlanmış pulsuz tətbiq istifadəçilərə menyudan yemək seçmək, sifariş vermək və 12 dəqiqəlik virtual çatdırılmanı izləmək imkanı yaradır. Tətbiq vasitəsilə heç bir real çatdırılma həyata keçirilmir. Məlumata görə, platformadan 118 ölkədə istifadə olunur.
“Dopamin saytları” niyə populyarlaşıb?
Bu platformaların maraq doğurmasının bir neçə səbəbi var. İlk növbədə, alış-veriş zamanı məhsul seçmək, onu səbətə əlavə etmək və sifarişin tamamlanmasını gözləmək özü də insanda həyəcan və məmnunluq hissi yarada bilər.
Digər tərəfdən, artan yaşayış xərcləri və lazımsız alış-verişdən qaçmaq istəyi insanları pul xərcləmədən bu təcrübəni yaşamağın yollarını axtarmağa sövq edir. Virtual platformalar istifadəçilərə prosesi idarə etmək və seçim etmək imkanı verir, lakin bunun maliyyə nəticəsi olmur.
Seul Milli Universitetinin psixologiya professoru Kvak Kimcunun sözlərinə görə, real alış-veriş baş verməsə belə, satınalma prosesinə bənzər fəaliyyətlər insanda mükafatlandırılma hissi yarada bilər.
Bununla belə, bu saytların uzunmüddətli perspektivdə impulsiv alış-verişi azaldıb-azaltmadığı hələ elmi şəkildə sübut edilməyib. Bundan başqa, bəzi platformaların reklam və məlumat izləmə sistemlərindən istifadə edə bilməsi şəxsi məlumatların qorunması məsələsinə diqqət yetirməyi vacib edir.
Yeni dopamin tələsi, yoxsa alternativ əyləncə?
“Dopamin saytları” rəqəmsal istehlak vərdişlərinə fərqli yanaşma təqdim edir. İnsanlar artıq yalnız məhsula sahib olmaqdan deyil, onu araşdırmaqdan, seçməkdən, səbətə əlavə etməkdən və alış-veriş prosesinin özündən də zövq alırlar.
Lakin bu platformaların adında yer alan “dopamin” ifadəsini elmi təsnifat kimi qəbul etmək doğru deyil. Dopamin beynin mükafatlandırma, motivasiya və öyrənmə proseslərində iştirak edən neyrotransmitterdir. Bu saytların hər kəsdə müəyyən miqdarda dopamin ifrazına səbəb olduğunu və ya asılılıq yaratdığını təsdiqləyən kifayət qədər elmi məlumat yoxdur.
Əminə Bayramova