Azərbaycanda sənədsiz mənzil və fərdi yaşayış evlərinin alqı-satqısı daşınmaz əmlak bazarında aktual problemlərdən biri olaraq qalır. Qiymətinin nisbətən ucuz olması və satıcıların müxtəlif vədləri bəzi vətəndaşları belə əmlakları almağa sövq edir. Lakin alıcılar çox vaxt əldə etdikləri evin hüquqi statusunu, gələcəkdə mülkiyyət hüququnu rəsmiləşdirmək imkanlarını və yarana biləcək riskləri nəzərə almırlar.
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan əmlak eksperti Fərid Cəfərov bildirib ki, sənədsiz ev almaq ilk baxışdan sərfəli görünsə də, alıcı üçün ciddi hüquqi və maliyyə problemlərinə yol aça bilər.
Ekspertin sözlərinə görə, əsas təhlükə alıcının evi faktiki olaraq əldə etməsinə baxmayaraq, həmin əmlak üzərində hüquqlarını qanuni qaydada rəsmiləşdirə bilməməsidir:
“Sənədsiz mənzil və ya fərdi yaşayış evi almaq ilk baxışdan daha sərfəli seçim kimi görünsə də, əslində alıcı üçün ciddi hüquqi və maliyyə riskləri yaradır. Əsas risk ondan ibarətdir ki, alıcı evi faktiki olaraq əldə etsə də, həmin əmlak üzərində hüquqlarını qanunvericiliyin tələb etdiyi qaydada rəsmiləşdirə bilməyə bilər. Belə hallarda mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması alıcını hüquqi müdafiə baxımından çətin vəziyyətə salır”.
Fərid Cəfərovun fikrincə, sənədsiz əmlak alarkən qarşıya çıxa biləcək problemlər bununla məhdudlaşmır. Eyni evin bir neçə şəxsə satılması, satıcının əmlakı satmaq səlahiyyətinin olmaması, tikilinin qanunsuz inşa edilməsi və torpaq sahəsinin təyinatının tikintiyə uyğun gəlməməsi də ciddi təhlükələr sırasındadır. Belə əmlaklar gələcəkdə söküntü təhlükəsi ilə də üzləşə bilər: