Türkiyədə "TikTok"da slaym hazırlanması və halay (yallı) rəqsi yayımları ilə populyarlıq qazanan "hədiyyə iqtisadiyyatı"na qarşı 8 bölgədə eyni vaxtda keçirilən əməliyyatda 11 şübhəli saxlanılıb. MASAK (Maliyyə Cinayətləri İstintaq Şurası) araşdırması zamanı canlı yayımlar üzərindən həyata keçirilən çirkli pulların yuyulması trafikinin 1.9 milyard türk lirəsini keçdiyi məlum olub.
Bu barədə Oxu.Az Türkiyə mətbuatına istinadən məlumat verir.
Son zamanlar "TikTok" başda olmaqla, müxtəlif canlı yayım platformalarında populyarlaşan "hədiyyə iqtisadiyyatı" yeni müzakirələrə səbəb olub. Belə ki, yoğurma, halay rəqsləri, sıra gecəsi (musiqi, ədəbiyyat, söhbət və yerli təamların birlikdə təqdim edildiyi ənənəvi xalq mədəniyyəti toplantısı), virtual pavilyon, dua və zikr dairələri kimi müxtəlif konseptlər üzərindən izləyicilərdən göndərilən virtual hədiyyələr yüksək gəlir mənbəyinə çevrilib və bu qazancın real miqyası suallar doğurub.
Ötən həftələrdə slaym hazırlayan cütlüyün yayımı təxminən 65 800 nəfər tərəfindən eyni vaxtda izlənilib və yayımın bir gecədə 3 milyon türk lirəsi qazandırdığı iddia edilib. Lakin cütlük bu iddianı təkzib edərək, ümumilikdə 140 000 jeton topladıqlarını bildiriblər ki, bu da təxminən 26 000 - 28 000 türk lirəsinə bərabərdir.