Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Uşaqlar niyə yemək seçir? - Səbəb genlər ola bilər

Paylaş:
Uşaqlar niyə yemək seçir? - Səbəb genlər ola bilər
Bizi Google News-da izləyin

Uşağınız bəzi yeməklərə yaxın durmur, yeni dadları sınamaq istəmir və yalnız sevdiyi qidalarla kifayətlənir? Məlum olub ki, bu davranış təkcə valideynlərin tərbiyəsi və qidalanma vərdişləri ilə bağlı deyil. 

Pravda.az bildirir ki, yeni araşdırma uşaqların yemək seçməsində genetikanın mühüm rol oynadığını göstərir.

Yemək seçməyin səbəbi genlər ola bilər
University College London, King's College London və Lids Universitetinin alimlərinin apardığı araşdırmaya görə, uşaqların yemək seçməsi genetik xüsusiyyətlərlə əlaqəli ola bilər.

Tədqiqatın aparıcı müəlliflərindən Zeynəb Nas bildirib ki, uşaqların yemək seçməsini valideynlərin yanlış yanaşması ilə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, uşaqlar arasında müşahidə olunan seçici qidalanma fərqlərinin əhəmiyyətli hissəsi genetik amillərlə bağlıdır.

Araşdırmada 2007-ci ildə İngiltərədə doğulmuş 4 804 əkizin məlumatları təhlil edilib. Alimlər eyni yumurta əkizləri ilə fərqli yumurta əkizlərinin qidalanma davranışlarını müqayisə ediblər.

Məlumatlar uşaqlar 16 aylıq, 3, 5, 7 və 13 yaşlarında olarkən valideynlərin doldurduğu sorğular əsasında toplanıb.

Nəticələr göstərib ki, eyni yumurta əkizlərinin yemək seçmə davranışları fərqli yumurta əkizləri ilə müqayisədə daha çox oxşarlıq təşkil edir. Bu isə davranışda genetik amillərin təsirinə işarə edir.

Uşaqlar ən çox hansı yaşlarda yemək seçir?
Araşdırmanın maraqlı nəticələrindən biri də yemək seçmə davranışının yaşla dəyişməsidir.

Məlum olub ki, bu davranış 16 aylıq dövrdən 7 yaşa qədər artır, uşaq yeniyetməlik dövrünə yaxınlaşdıqca isə tədricən azalır.

Alimlər genetik amillərin mühüm rol oynadığını bildirsələr də, uşağın böyüdüyü mühitin və ailə vərdişlərinin də əhəmiyyətini vurğulayırlar.

Xüsusilə körpəlik dövründə ailə süfrəsi və evdəki qidalanma mühiti uşağın yemək vərdişlərinə təsir göstərə bilər. Sonrakı illərdə isə dost çevrəsi və fərdi təcrübələr də bu davranışda rol oynayır.

Yemək seçmə vərdişini dəyişmək mümkündürmü?
Mütəxəssislər genetik meyilliliyin yemək seçmə davranışının dəyişdirilməsini çətinləşdirə biləcəyini, lakin bunun mümkünsüz olmadığını bildirirlər.

Uşağın qidalanma vərdişləri yaşına, fərdi xüsusiyyətlərinə və böyüdüyü mühitə uyğun şəkildə formalaşdırılmalıdır.

Yemək seçən uşağa necə kömək etmək olar?

Müxtəlif qidalar təklif edin

Uşağın sevdiyi iki-üç yeməklə yanaşı, sınamaq istəmədiyi iki-üç fərqli qidanı da süfrəyə qoyun. Uşaq ilk dəfə imtina etsə belə, həmin qidanı sonrakı günlərdə yenidən təklif etməkdən çəkinməyin.

Sağlam qidalanmaya üstünlük verin

Uşaq süfrədəki yeməyi yemədikdə ona dərhal daha az faydalı alternativlər təqdim etmək düzgün deyil. Bu, seçici qidalanma vərdişini daha da gücləndirə bilər.

Uşağı yemək hazırlığına cəlb edin

Uşağa hər həftə yeni bir meyvə və ya tərəvəz seçmək imkanı verin. Onu yemək hazırlama prosesinə də qoşun. Yaşından asılı olaraq, ərzaqları qarışdırmaq və ya yeni resept seçmək kimi sadə tapşırıqlar verə bilərsiniz.

Özünüzü günahlandırmayın

Uşağın yemək seçməsi valideynlərin uğursuzluğu demək deyil. Yemək saatlarında yaranan gərginlik həm uşağa, həm də valideynə mənfi təsir göstərə bilər. Bu prosesdə səbirli olmaq vacibdir.

Lazım gəldikdə mütəxəssisə müraciət edin

Uşaq çəki almırsa, davamlı qidalanma problemi yaşayırsa, fərqli qidaların teksturasını çeynəməkdə və ya udmaqda çətinlik çəkirsə, həkimə müraciət etmək tövsiyə olunur.

Əminə Bayramova

Paylaş:

Ən son xəbərlər