Türkiyənin Türk Dövlətləri Təşkilatının (TDT) zirvə görüşündə Azərbaycanın təmsil olunmasına xüsusi önəm verməsi iki ölkə arasındakı strateji müttəfiqliyin türk dünyası müstəvisindəki əhəmiyyətini bir daha gündəmə gətirdi. İki qardaş ölkə arasında münasibət yalnız qarşılıqlı əlaqələrin möhkəmliyi ilə məhdudlaşmır, həm də Azərbaycanın türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsində oynadığı rolu əks etdirir. Azərbaycan TDT-nin sadəcə üzvü deyil, Təşkilatın formalaşmasında, siyasi nüfuzunun artmasında və ortaq strateji hədəflərin müəyyənləşdirilməsində mühüm rol oynayan qurucu sütunlarından biridir. Bu baxımdan, Türkiyənin Azərbaycanın təşkilat çərçivəsində iştirakına verdiyi önəm ortaq tarixi, mədəni və dil bağları ilə yanaşı, regional təhlükəsizlik, iqtisadi inteqrasiya və türk dünyasının beynəlxalq mövqeyinin gücləndirilməsi kimi məsələlərdə uzlaşan maraqların göstəricisi kimi dəyərləndirilə bilər.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən siyasi şərhçi Abdutalıb Səmədov bildirib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının əsas üzvlərindən biridir.

O vurğulayıb ki, Azərbaycan xüsusilə, Mərkəzi Asiya dövlətlərini arxasınca çəkən bir lokomotiv rolunu oynayır: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asıya arasında mühüm bir körpüdür. Heç kimə sirr deyil ki, müəyyən məsələlərdə Mərkəzi Asiya ölkələri ətrafa baxmağa, ehtiyatlı davranmağa üstünlük verirlər, çünki orada həm Rusiyanın, həm də Çinin təsiri çox yüksəkdir. Mərkəzi Asiya ölkələri hər addımı atarkən bu dövlətləri nəzərə almaq məcburiyyətindədirlər. Azərbaycan dəfələrlə çox mühüm təkliflərlə çıxış edib və son nəticədə Mərkəzi Asiyanın bir qədər ehtiyatlı davranışı TDT-nin daha sürətlə inkişafını müəyyən qədər ləngidib. Bir misalı çəkmək kifayətdir - Azərbaycan Prezidenti İlham Əliyev təklif etdi ki, Türk Dövlətləri Təşkilatının birgə hərbi təlimləri keçirilsin. Ancaq hələlik bu istiqamətdə arzuolunan fəallıq yoxdur. Səbəb isə aydındır, çünki həmin dövlətlərin bir neçəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və Rusiyanın bu məsələlərə necə qısqanc yanaşdığını bilirlər. Buna görə də Prezidentimizin təklifinə arzuolunan dəstək verilmədi. Azərbaycansız Türk Dövlətləri Təşkilatının arzuolunan səviyyəyə çatması qeyri-mümkündür. Azərbaycan TDT-də həlledici dövlət rolunu oynayır. Bu səbəbdən Ankarada keçiriləcək Zirvə Görüşündə Azərbaycan Prezidentinin iştirakı çox vacib hesab olunur. Baxmayaraq ki, Türkiyə ilə aramızda müəyyən soyuq məqamlar var, ancaq hesab edirəm, qısa müddətdə bu soyuqluğu aradan qaldırmaq üçün Türkiyə hakimiyyəti əlindən gələni edəcək və zəruri addımları atacaq”.
Mövzunu şərh edən politoloq Aytən Qurbanova isə deyib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının sadəcə üzvü deyil, onun geosiyasi və geoiqtisadi potensialının formalaşmasında mühüm rol oynayan strateji dövlətlərdən biridir:

“Ölkəmizin türk dünyasındakı mövqeyi yalnız ortaq tarixə, dilə və mədəni dəyərlərə əsaslanmır. Bu mövqe ilk növbədə Azərbaycanın konkret coğrafi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik üstünlükləri ilə müəyyən olunur. Qlobal güclər arasında rəqabətin dərinləşdiyi, Avrasiya boyunca ticarət marşrutlarının yenidən formalaşdığı və enerji təhlükəsizliyinin beynəlxalq siyasətin əsas məsələlərindən birinə çevrildiyi müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan türk dünyasını Xəzər hövzəsi, Cənubi Qafqaz, Türkiyə və Avropa ilə əlaqələndirən mühüm strateji həlqədir. Buna görə də Azərbaycanın TDT-dəki rolunu qiymətləndirərkən əsas diqqət ölkəmizin hansı real imkanlara malik olduğuna və bu imkanları təşkilatın ümumi gücünə necə çevirə biləcəyinə yönəldilməlidir. Azərbaycanın birinci mühüm strateji üstünlüyü onun coğrafi mövqeyi və Avrasiya nəqliyyat sistemindəki bağlantı imkanlarıdır. Ölkəmiz Mərkəzi Asiya ilə Xəzər dənizi üzərindən əlaqə qurmaq, Cənubi Qafqaz vasitəsilə Türkiyə və Avropa istiqamətində hərəkəti təmin etmək baxımından əlverişli mövqedə yerləşir. Bu coğrafi üstünlük özlüyündə birbaşa siyasi təsir yaratmasa da, inkişaf etmiş infrastruktur və səmərəli tranzit siyasəti ilə birləşdikdə ciddi geoiqtisadi imkanlara çevrilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və avtomobil yolları şəbəkəsi Azərbaycanın bu istiqamətdəki mövqeyinin əsasını təşkil edir. Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsindən sonra illik yükdaşıma imkanının 5 milyon tona çatdırılması ölkəmizin Şərq–Qərb bağlantılarında infrastruktur potensialını artırıb. Eyni zamanda Ələt limanı Xəzər üzərindən yükdaşımaların təşkili və müxtəlif nəqliyyat növlərinin əlaqələndirilməsi baxımından əhəmiyyətli logistika mərkəzidir. Bu imkanlar Azərbaycanı yalnız tranzit ölkə deyil, Türk dövlətlərinin Avropa bazarlarına çıxışını asanlaşdıra bilən strateji tərəfdaş kimi önə çıxarır”.
Politoloq bildirib ki, Azərbaycanın ikinci strateji üstünlüyü Orta Dəhlizin inkişafında oynadığı roldur: “Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan bu marşrut beynəlxalq ticarətin şaxələndirilməsi baxımından əhəmiyyət daşıyır. Marşrutun rəqabət qabiliyyəti yalnız coğrafi məsafədən deyil, daşımaların sürətindən, gömrük prosedurlarının səmərəliliyindən, limanların və dəmir yollarının ötürücülük imkanlarından, eləcə də iştirakçı ölkələr arasında koordinasiyadan asılıdır. Ölkəmizin üçüncü mühüm strateji üstünlüyü enerji potensialı və enerji marşrutlarının şaxələndirilməsindəki roludur. Azərbaycan uzun illərdir, Xəzər hövzəsinin enerji resurslarını beynəlxalq bazarlara çatdıran ölkələrdən biridir. Cənub Qaz Dəhlizi və onun tərkib hissələri Azərbaycanın enerji infrastrukturu vasitəsilə Avropa bazarları ilə əlaqələrini möhkəmləndirir. Bu infrastrukturun strateji əhəmiyyəti ondan ibarətdir ki, enerji resurslarının ixracı iqtisadi gəlir yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq əlaqələrini də gücləndirir. Gələcək mərhələdə Azərbaycanın enerji üstünlüyü yalnız neft və təbii qaz ixracı ilə məhdudlaşmır. Bərpaolunan enerji istehsalının genişləndirilməsi, elektrik enerjisinin regional bazarlara ötürülməsi, Xəzər hövzəsində enerji bağlantılarının inkişafı və Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji əməkdaşlığının qurulması ölkəmizin strateji imkanlarını artıra bilər. Azərbaycan bu istiqamətdə enerji istehsalçısı, tranzit ölkə və regional elektrik bağlantılarının iştirakçısı funksiyalarını birləşdirə bilər. Bu imkanların reallaşdırılması üçün isə texniki infrastruktur, investisiya mexanizmləri və iştirakçı dövlətlər arasında uzunmüddətli razılaşmalar tələb olunur. Beləliklə, enerji əməkdaşlığı TDT daxilində ortaq iqtisadi maraqların formalaşması və Türk dövlətlərinin beynəlxalq enerji bazarları ilə əlaqələrinin genişləndirilməsi üçün əlavə imkan yaradır. Azərbaycanın dördüncü strateji üstünlüyü Türkiyə ilə müttəfiqliyidir. 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsində təsbit edərək təhlükəsizlik, müdafiə, xarici siyasət koordinasiyası, enerji və nəqliyyat sahələrində əməkdaşlığın hüquqi-siyasi əsaslarını möhkəmləndirib. Bu müttəfiqlik Azərbaycan üçün həm regional təhlükəsizlik baxımından, həm də Türkiyə üzərindən Avropa bazarlarına çıxış imkanları baxımından əhəmiyyətlidir. Həmçinin Türkiyə ilə əlaqələr türk dünyasının müxtəlif coğrafi hissələri arasında siyasi və iqtisadi koordinasiyanın gücləndirilməsinə şərait yaradır”.
A.Qurbanova vurğulayıb ki, beşinci mühüm amil Azərbaycanın Xəzər hövzəsində yerləşməsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafına verdiyi töhfədir: “Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər türk dövlətləri üçün beynəlxalq bazarlara çıxışın şaxələndirilməsi, nəqliyyat xərclərinin azaldılması və ixrac marşrutlarının etibarlılığının artırılması mühüm iqtisadi məsələlərdir. Azərbaycan isə Xəzərin qərb sahilində yerləşən limanı, dəmiryolu və avtomobil infrastrukturu vasitəsilə bu dövlətlərin qərb istiqamətindəki bağlantılarında əhəmiyyətli rol oynaya bilər. Bu əməkdaşlığın inkişafı üçün Xəzər dənizində gəmiçilik imkanlarının artırılması, limanlar arasında koordinasiyanın gücləndirilməsi, vahid rəqəmsal sənədləşmə sistemlərinin tətbiqi və tarif siyasətinin uzlaşdırılması vacibdir. Bu tədbirlər həyata keçirildikcə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər yalnız siyasi dialoqla deyil, konkret iqtisadi maraqlarla da möhkəmlənəcək. Altıncı strateji üstünlük Azərbaycanın müxtəlif beynəlxalq nəqliyyat istiqamətlərinin kəsişməsində yerləşməsidir. Ölkəmiz Şərq–Qərb bağlantıları ilə yanaşı, Şimal–Cənub istiqamətində də tranzit imkanlarına malikdir. Bu xüsusiyyət Azərbaycanın iqtisadi əlaqələrini bir marşrutdan və ya bir bazardan asılı vəziyyətə salmamaq baxımından əhəmiyyətlidir. Müxtəlif istiqamətlər üzrə bağlantıların inkişafı ölkəyə dəyişən beynəlxalq ticarət şəraitinə uyğunlaşmaq və regional iqtisadi əməkdaşlıq imkanlarını genişləndirmək imkanı verir. Azərbaycanın strateji imkanlarının daha bir istiqaməti rəqəmsal bağlantılar və yeni iqtisadiyyat sahələridir. Müasir dövrdə geosiyasi təsir yalnız fiziki nəqliyyat yolları və enerji resursları ilə müəyyən olunmur. Həmçinin məlumat axınları, fiber-optik rabitə şəbəkələri və rəqəmsal xidmətlər də dövlətlərin regional mövqeyinə təsir göstərir. Xəzər üzərindən rəqəmsal bağlantıların inkişafı, elektron ticarət sistemlərinin inteqrasiyası, rəqəmsal gömrük xidmətləri və məlumat mübadiləsi mexanizmləri Azərbaycanla Mərkəzi Asiya və Avropa arasında yeni əməkdaşlıq imkanları yarada bilər. Bununla yanaşı, Azərbaycanın üstünlüklərinin reallaşdırılması müəyyən çağırışların aradan qaldırılmasını tələb edir. Nəqliyyat marşrutlarının rəqabət qabiliyyəti yalnız coğrafi mövqedən asılı deyil, logistika xərcləri, sərhəd keçidlərinin sürəti, Xəzərdə gəmiçilik imkanları, dəmir yollarının və limanların ötürücülük qabiliyyəti də mühüm rol oynayır. Eyni zamanda tranzit gəlirlərinin iqtisadiyyatın digər sahələrinə ötürülməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların məhsuldar sahələrə yönəldilməsi strateji əhəmiyyət daşıyır. TDT çərçivəsində əməkdaşlığın effektivliyi isə üzv dövlətlər arasında iqtisadi maraqların uzlaşdırılmasından, ortaq layihələrin maliyyələşdirilməsindən və qəbul edilmiş qərarların praktik icrasından asılıdır. Bu baxımdan, Azərbaycanın regional üstünlükləri hazır imkanlar kimi qiymətləndirilməklə yanaşı, davamlı investisiya və koordinasiya tələb edən strateji resurslar kimi də nəzərdən keçirilməlidir. Nəticə etibarilə, Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı strateji çəkisi bir neçə konkret üstünlüyün qarşılıqlı tamamlanmasına əsaslanır. Belə ki, ölkəmizin Xəzər hövzəsindəki coğrafi mövqeyi, Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutlarında iştirakı, enerji ixracı və gələcək yaşıl enerji imkanları, Türkiyə ilə müttəfiqliyi, Mərkəzi Asiya ilə əlaqələndirici funksiyası və rəqəmsal bağlantıların inkişafı potensialı birlikdə nəzərdən keçirilməlidir. Bu üstünlüklər Azərbaycanı türk dünyasının yalnız siyasi dialoq məkanında iştirak edən dövləti deyil, həm də iqtisadi əlaqələrin qurulmasına və regional bağlantıların inkişafına real töhfə verən strateji tərəfdaşı kimi səciyyələndirir. Azərbaycanın iştirakı olmadan türk dünyasının Xəzərdən Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropaya uzanan iqtisadi və nəqliyyat əlaqələrinin eyni formada qurulması ciddi çətinliklərlə üzləşə bilər. Bununla yanaşı, TDT-nin gələcək gücü yalnız Azərbaycanın və ya hər hansı digər üzvün imkanlarından deyil, bütün dövlətlərin potensialının ortaq layihələrə çevrilməsindən asılıdır. Azərbaycan üçün əsas strateji hədəf özünün coğrafi, enerji və infrastruktur üstünlüklərini iqtisadi şaxələndirmə, regional təhlükəsizlik və beynəlxalq tərəfdaşlıq imkanları ilə birləşdirərək həm milli maraqlarını möhkəmləndirmək, həm də türk dünyasında dayanıqlı və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın inkişafına töhfə verməkdir".
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova
