Bakıda kütləvi dava zamanı bir nəfərin öldürülməsi ilə bağlı cinayət işi üzrə oğlu Əhməd Əlizadə həbs edilən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin istefa verəcəyi ilə bağlı iddialar gündəmə gəlib. Sosial şəbəkələrdə məsələ ilə bağlı çoxsaylı şərhlər və fərziyyələr yayılsa da, partiya rəhbərliyində sədrin istefası məsələsinin müzakirə olunmadığı bildirilib.
Partiyanın aparat rəhbəri Rəşad Bayramov Trend-ə açıqlamasında bildirib ki, partiya fəaliyyətini sosial şəbəkələrdəki iddialar əsasında deyil, nizamnaməsinə uyğun həyata keçirir.
"Bu məsələ partiyada müzakirə predmeti deyil. Partiya öz fəaliyyətini sosial şəbəkələrdəki iddialarla yox, öz nizamnaməsi əsasında həyata keçirir. Odur ki, partiya sədrinin istefası hər hansı bir formada müzakirə predmeti deyil", - o qeyd edib.