Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosu qəbul edib.
Pravda.az xəbər verir ki, Migel Anxel Moratinos Azərbaycanda növbəti Mədəniyyətlərarası Dialoq Forumunun təşkili münasibətilə təbriklərini çatdırdı. Qonaq bu Forumun beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm platformaya çevrildiyini vurğuladı.
Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirərək, ölkəmizin beynəlxalq miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını qeyd etdi.
O, həmçinin Azərbaycanın islamofobiya ilə mübarizə sahəsində fəal mövqeyini, ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfransların mütəmadi surətdə keçirilməsini təqdir etdi və BMT-nin Sivilizasiyalar Alyansının bu istiqamətdə Azərbaycanın səylərini dəstəklədiyini vurğuladı.