Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat kazino barədə müzakirələrdən danışdı: “Qanunvericilikdə varsa, həyata keçirilməsi konkret sahibkarların haqqıdır...”

95
Paylaş:
Deputat kazino barədə müzakirələrdən danışdı: “Qanunvericilikdə varsa, həyata keçirilməsi konkret sahibkarların haqqıdır...”

“Kazino fəaliyyəti ilə bağlı qanunvericilikdə müəyyən müddəalar nəzərdə tutulub, lakin Bakı şəhərində kazino fəaliyyətinin müəyyən risklər yarada biləcəyini də düşünürəm. Hər halda bu məsələ elə tənzimlənməlidir ki, insanların yaşayış məkanından daha uzaq yerdə gerçəkləşsin, insanlara hansısa narahatlıq yaradılmasın. Yəqin ki, bu fəaliyyət növünü seçənlər təhlükəsizlik tədbirlərini də düşünərək bu istiqamətdə müəyyən fəaliyyət gerçəkləşdirəcəklər. Bütün hallarda kazino məsələsində ən vacib məqam budur ki, insanların həm maddi, həm də mənəvi aşınmasına gətirib çıxara biləcək proseslərə yol verilməsin. Çünki müəyyən riskləri də göz önünə almalıyıq”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, müxtəlif cəmiyyətlərdə kazino variantı mövcuddur, amma fəaliyyəti daha çox kənarda, təcrid olunmuş yerlərdə həyata keçirilir: “Belə olsa, daha yaxşı olar. Kazino hansısa bir adada, təcrid olunmuş məkanda olacaqsa, narahatlıq keçirməyə dəyməz. Adamlar kazinoya seçmə variantda gedəcəklər və əyləncələrini həyata keçirəcəklər. Bütövlükdə, kazino hətta gəlir gətirmiş olsa belə, qumarın bütün növlərinə qarşıyam. Fikrimcə, bu, mənəvi mühitimizi ciddi şəkildə zədələyən məsələdir, lakin qanunvericilikdə varsa, həyata keçirilməsi konkret sahibkarların haqqıdır. Buna görə də əngəlləməyə, yaxud narahatlıq keçirməyə dəyməz. Yəqin ki, qanunvericilik öz tələblərini də sahibkarların qarşısına qoyacaq”.

Qeyd: Bakıda ilk “Royale Casino”nun 2027-ci ilin mayında açılması planlaşdırılır. Bu barədə “Sea Breeze” layihəsinin sahibi və “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov məlumat verib. 90 min kvadratmetr sahəsi olacaq kazino Xəzərdə, “Sea Breeze” ərazisində yaradılan süni yarımadada tikilir. Burada 12 VIP zal, beynəlxalq poker turnirləri üçün əsas zal, konsert zalı, restoran və kafelər, həmçinin 1500 oyun avtomatının yerləşdirilməsi nəzərdə tutulur. Kazinoya 21 yaşdan aşağı şəxslər buraxılmayacaq.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər