Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Adil Pənahovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü cəza təyini hissəsində dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi ağırlaşdırılaraq, ona 7 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttihama görə, Adil Pənahov 2021-ci ilin yay aylarından Bərdə rayonunun Məmmədli kənd sakini olan zərərçəkmiş Yasin Hadıyevlə (adı, soyadı şərtidir) şifahi razılaşma əldə edib. Razılaşmaya əsasən, zərərçəkmişə məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanlar Sabirabad rayonunun Kovlar kəndində icarəyə götürülmüş fermalarda saxlanılaraq böyüdülməli, əldə olunan gəlir tərəflər arasında bölüşdürülməli, saxlanılması təqsirləndirilən şəxsə həvalə edilən heyvanlar və atlar isə sonradan sahibinə qaytarılmalı idi.
İş materiallarına görə, 2022-ci ilin mart ayına yaxın Adil Yevlax rayonunun Kövər kəndindəki fermada saxlanılan Yasinə məxsus, dəyəri 2 500 manat olan ana və bala atı Sabirabad rayonunun Kovlar kəndində icarəyə götürdüyü fermaya gətirib. Daha sonra həmin fermaya zərərçəkmişə məxsus 152 baş xırdabuynuzlu heyvan gətirilib.
İttihamda göstərilən hesablamaya əsasən, həmin heyvanların ümumi dəyəri 51 280 manat təşkil edib.
Bundan başqa, Yasin özü Yevlax rayonunun Kövər kəndindəki fermada saxladığı iribuynuzlu heyvanları da Sabirabad rayonuna gətirərək Adilə təhvil verib. Bunlar hər birinin orta bazar dəyəri 2 200 manat olan 75 baş üç yaşlı, boğaz inək və hər birinin dəyəri 1 000 manat olan 12 baş iki yaşlı dana olub. Ümumilikdə 87 baş iribuynuzlu heyvanın dəyəri 177 min manat hesablanıb.