“Baş nazir Paşinyan öncəki açıqlamasında sülh sazişinin 2031-ci ilə qədər imzalanmaya biləcəyi ilə bağlı fikir bildirmişdi. Sonuncu açıqlamasında isə 2027-2028-ci illərdə ola biləcəyini dilə gətirib. Bu ondan xəbər verir ki, qarşı tərəfin bu məsələdə konkret planı yoxdur. Bu, 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış Birgə Bəyannamə çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə bağlı suallar doğurur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva deyib.
Deputat qeyd edib ki, sazişin 5 il müddətinə təxirə salınması sülh prosesinin faktiki olaraq gündəmdən çıxarılması riskini yaradır: “Öhdəliklərin yerinə yetirilməsi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları məsələsinin həllini nəzərdə tutur. Konstitusiya məktəb dərsliyi deyil və ya hər hansı rəsmi şəxsin sadə bir bəyanatı deyil. O, hər bir ölkənin ali qanunudur və dövlətin suverenliyini, eləcə də konstitusiya quruluşunu müəyyən edən fundamental hüquqi çərçivədir. Bu baxımdan, Azərbaycana qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasından çıxarılması yalnız siyasi tələb deyil, həm də hüquqi zərurətdir. Konstitusiyada müvafiq dəyişikliyin edilməsi Vaşinqtonda imzalan birgə bəyannamədən irəli gələn öhdəlikdir, bəlkə texniki cəhətdən daxili iş ola bilər, ancaq mahiyyət etibarilə bu, Azərbaycan tərəfinin sülh müqaviləsinin imzalanması üçün yekun şərtidir. Ona görə də Azərbaycan məsələni qaldırmağa tam haqlıdır”.
P.Vəliyeva vurğulayıb ki, TRİPP layihəsinin də icrası yubanır: “43 km-lik hissənin dəmiryolunun tikintisi başlamayıb. ABŞ-la TRİPP çərçivə sazişinin Ermənistan Parlamentində müzakirəsi zamanı hələ də açıq məsələlərin olduğu qeyd edilib. Azərbaycan davamlı və uzunmüddətli sülhə nail olmaqda qərarlıdır. Lakin prosesi yubadan yanaşmalar, qeyri-müəyyənlik və həllini tapmamış hüquqi məsələlər bu məqsədə xidmət etmir. Ermənistan sülhə həqiqətən sadiqdirsə, gecikməyə yol vermədən konkret addımlar atmalıdır”.
Şəhanə Qədirli