Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Şamxal Cəbiyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona şərti cəza verilib və dərhal məhkəmə iclas zalında həbsdən azad olunub.
İttiham aktına görə, hadisədən əvvəl təqsirləndirilən şəxs dostu və qonşusu olan zərərçəkmiş Şəhriyar Əmirovla (soyadı şərtidir) İmişli şəhəri, N. Savalanov küçəsində yerləşən “Armudu stəkan” kafesində birlikdə vaxt keçirib. Onlar təxminən saat 19:00-dan 22:00-dək yemək yeyib, spirtli içki qəbul ediblər.
Daha sonra həmin gün saat 22 radələrində tərəflər İmişli şəhəri, Zəfər prospektində yerləşən “Çay bağı” adlı çay evinə gedərək birlikdə pivə içiblər. Bu zaman onların ortaq tanışı olan şəxs çay evinə gəlib zərərçəkmişi müəyyən işi olduğunu deyərək çağırıb. Şəhriyar qısa müddətə gedib geri qayıdacağını bildirsə də, sonradan geri dönməyib və telefon zənglərinə cavab verməyib.
Bu vəziyyət Şamxalı əsəbiləşdirib. O, Şəhriyarla telefon əlaqəsi saxlayaraq geri qayıtmadığına görə onu nalayiq ifadələrlə təhqir edib.
Hadisə gecə saatlarında davam edib. Növbəti gün saat 01 radələrində təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, İmişli şəhəri, Natavan küçəsində zərərçəkmiş şəxslə qarşılaşıb. Onu çay evində tək qoyub getməsinə görə qınayıb və aralarında şifahi mübahisə yaranıb.
Tərəflər piyada Xan Şuşinski küçəsi istiqamətində hərəkət edərkən Şəhriyar Şamxalı əli ilə itələyib. Sonra şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs şalvarının bel hissəsində saxladığı cib bıçağını sağ əlinə götürüb.
Alkoqol sərxoşluğu vəziyyətində olduğu bildirilən təqsirləndirilən şəxs Şəhriyarın qarınının sol nahiyəsinə, sol əlinə və sol qoltuqaltı nahiyəsinə olmaqla, ümumilikdə üç dəfə bıçaq zərbəsi endirib. Nəticədə zərərçəkmiş şəxsin sol əlinin ovuc səthində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət yaranıb.
İttihamda göstərilən tibbi qiymətləndirməyə əsasən, qarın və döş qəfəsi nahiyələrindəki bu iki xəsarət həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri hesab edilib.
Beləliklə, Şamxal Cəbiyevə qarşı şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin sağlamlığına qəsdən, insan həyatı üçün təhlükəli olan ağır zərər vurmaq ittihamı irəli sürülüb.
Kamal Məmmədov