Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Şıxverdi Abseyinovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına görə, hadisə ötən il oktyabrın 30-da saat 20 radələrində Şirvan-Salyan avtomobil yolunun Şirvan şəhərindən keçən 10-cu kilometrliyində baş verib.
Belə ki, Şıxverdi Abseyinov sürücülük hüququ olmaqla, sərxoş vəziyyətdə olmadan, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Rio” markalı avtomobillə hərəkətdə olub.
Sürücü yolun həmin hissəsində müəyyən edilmiş 60 km/saat sürət həddini aşaraq avtomobili təxminən 90–100 km/saat sürətlə idarə edib. Bununla da o, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozub.
Bundan əlavə, ittihamda qeyd olunub ki, Şıxverdi Abseyinov hərəkət üçün təhlükə yarandığını gördükdə avtomobili tam dayanana qədər yavaşlatmaq üçün mümkün tədbirləri görməli olduğu halda bunu etməyib.
Həmin vaxt Miri Abbasovun idarə etdiyi “VAZ-21214” markalı avtomobil yolun sağ kənarındakı torpaq yoldan əsas yola çıxaraq sola dönüb və Salyan rayonu istiqamətində hərəkət etməyə başlayıb. Avtomobil əsas yola təxminən 20–30 km/saat sürətlə daxil olub.
Şıxverdi Abseyinovun idarə etdiyi “Kia Rio”nun ön sol hissəsi ilə “VAZ-21214” markalı avtomobilin sol tərəfi toqquşub. Qəza nəticəsində “VAZ 21214” markalı avtomobilin sürücüsü Miri Abbasov ağır bədən xəsarətləri alıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Şıxverdi Abseyinov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökm elan edildikdən sonra məhkəmə iclas zalında dərhal həbsə alınıb.
Qeyd: Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmədə verdiyi ifadəsində bildirib ki, mərhum Miri Abbasov ailənin yeganə oğul övladı olub və onun qardaşıdır. O qeyd edib ki, Miri Abbasov polis əməkdaşı olub, vəzifəsini hər zaman vicdanla yerinə yetirib.
Hüquqi varis məhkəmədə iddia edib ki, təqsirləndirilən şəxs əvvəllər də ağır yol-nəqliyyat hadisəsi törədib və başqa bir ailəni də bədbəxt edib: “Şıxverdinin azadlıqda qalıb yeni cinayət törətməsini istəmirəm. Təqsirləndirilən şəxsdən heç bir pul tələbimiz yoxdur. Verilən heç bir məbləğ qardaşımı geri gətirməyəcəkdir. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edirəm”.
Kamal Məmmədov