Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Mahir Yusifovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına görə, hadisə bu il saat 12 radələrində Masallı rayonunun Çaxırlı kəndində yerləşən çayxanada baş verib.
Belə ki, Mahir Yusifov sərxoş vəziyyətdə tanışının işlətdiyi çayxanaya daxil olub. Həmin vaxt həmkəndlisi İslam Tahirov (adı, soyadı şərtidir) müştəri qismində masada əyləşib.
Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan çayxanada olan şəxslərin narahatlığına səbəb olan hərəkətlər etməyə başlayıb. O, oradakı vətəndaşların gözü qarşısında söyüş söyərək ictimai qaydanı kobud şəkildə pozub, cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirib.
Daha sonra Mahir İslamın əyləşdiyi masaya yaxınlaşıb. O, əlində olan bıçaqdan silah qismində istifadə edib. Təqsirləndirilən şəxs bıçağın qatlanmış vəziyyətdə olan sapı və yumruğu ilə zərərçəkmişin üz nahiyəsinə bir neçə dəfə zərbə endirib.
Nəticədə İslamın sağ qaş nahiyəsində və yuxarı dodağının dişlərə baxan hissəsində əzilmiş yaralar, sağ göz almasının ağlı qişasında yayılmış qansızma, başının alın və ənsə nahiyələrində, sağ göz ətrafında yumşaq toxumaların əzilməsi, şişkinlik və geniş qançırlar, eləcə də yuxarı dodağının bayır hissəsində qançır yaranıb. Həmin xəsarətlər sağlamlığa yüngül zərər vurmaya aid edilib.
İttiham tərəfinin mövqeyinə əsasən, Mahir Yusifovun hərəkətləri təxminən 10–15 dəqiqə ərzində çayxanada olan şəxslərin narahatlığına səbəb olub. O, zor tətbiq etməklə müşayiət olunan qərəzli hərəkətlər edərək ictimai qaydanı kobud şəkildə pozub və cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirib.
Masallı Rayon Məhkəməsinin hökmü ilə Mahir Yusifov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmdən narazı qalan zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.
Kamal Məmmədov