Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.
Pravda.az xəbər verir ki, dövlətimizin başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırladı, görüş əsnasında Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğuladı.
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi, bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirdi.
Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən Tom Berendsen də öz növbəsində Azərbaycan Prezidenti ilə Niderlandın Baş naziri ilə görüşünü xatırlayaraq, əməkdaşlığın inkişafı ilə bağlı Baş nazirdən çox müsbət mesajlar aldığını vurğuladı və əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Qonaq Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirdi.