39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin deputatı Müşfiq Cəfərov Kəpəz rayonunda şəhid Rəşad Ələkbərovun xatirəsinə inşa edilən bulağın açılışı zamanı suyun kəsilməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
M.Cəfərov Pravda.az-a açıqlamasında xatırladıb ki, Gəncənin Vətən müharibəsi şəhidlərindən olan Rəşad İlqar oğlu Ələkbərovun doğum günündə xatirəsinə inşa edilən bulağın açılış mərasiminə şəhidin anası Nailə Ələkbərova tərəfindən dəvət olunub: “Sentyabrın 15-də tədbir başlayan zaman- saat 11:00-da şəhidimizin anası tərəfindən bildirildi ki, bulaqda su yoxdur, dərhal “Azərsu” ASC ilə əlaqə saxlanıldı. Bildirdilər ki, bulağın olduğu ərazidə su xətlərində nasazlıq var açılış bir az gecikdirilsin. Saat 12:00-da açılış mərasimi başladı və saat 12:05-də sistemə su vuruldu, təbii ki, suyun bulağa gəlib çatması müəyyən bir vaxt apardı. Mərasimdən 2 dəqiqə sonra artıq bulağa su gəlirdi. Şəhidimizin anası insanları gözlətməmək üçün mərasimi keçirilməsini gecikdirmək istəmədi. Lakin burada elə ciddi bir problem yaranmadı”.