Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girne sahillərində batan “FiloJet” sərnişin gəmisinin işi üzrə saxlanılan 9 nəfərin həbs müddəti daha bir həftə uzadılıb.
Evrensel.net xəbər verir ki, məhkəmə qarşısına çıxarılan şəxslər arasında gəmi şirkətinin direktoru, kapitanlar, mexaniklər və ekipaj üzvləri var. Onlar ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olmaqda ittiham olunurlar.
Məlumata görə, saxlanılanlar arasında Azərbaycan vətəndaşları Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümmətov da var.
Girne Məhkəməsində keçirilən iclasda polis əməkdaşı Mehmet Mannaş bildirib ki, gəminin səyahət məlumatlarını qeydə alan cihazındakı 59 günlük məlumatın deşifrə edilməsi başa çatıb. Qalan 9 günlük qeydlərin araşdırılmasından sonra bu istiqamətdə iş yekunlaşacaq.