Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

8 Noyabr - Zəfər Günü vətənpərvərlik ruhunun təntənəsidir - RƏY

Paylaş:
8 Noyabr - Zəfər Günü vətənpərvərlik ruhunun təntənəsidir - RƏY
Bizi Google News-da izləyin

“8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının müasir tarixində, heç şübhəsiz ki, ən mühüm və ən əlamətdar hadisələrdən biridir. Bu tarix yalnız hərbi qələbənin ildönümü deyil, həm də uzun illər torpaq həsrəti ilə yaşayan xalqın milli iradəsinin, dövlətçilik əzminin, vətənpərvərlik ruhunun və sarsılmaz birliyinin təcəssümüdür. Bu Qələbənin əldə olunmasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, həyata keçirilən ardıcıl dövlət siyasəti, diplomatik fəaliyyət və Azərbaycan Ordusunun döyüş qabiliyyətinin gücləndirilməsi mühüm rol oynadı. Uzun illər ərzində aparılan hərbi islahatlar, ordunun müasirləşdirilməsi, müdafiə potensialının artırılması və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi Vətən müharibəsində əldə olunan nəticələrin əsas amillərindən idi. Müharibə dövründə dövlət başçısının xalqa müraciətləri, beynəlxalq mediaya verdiyi müsahibələr və diplomatik mövqeyi hərbi əməliyyatlarla yanaşı, informasiya və diplomatiya müstəvisində də mühüm əhəmiyyət daşıyırdı”.

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Rəşad Bayramov: “Trampın İrana qarşı nüvə silahından istifadə ehtimalı... |  Pravda.az

R.Bayramov xatırladıb ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının qarşısında tarixi bir sınaq yaratdı: “44 gün ərzində Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrini, strateji yüksəklikləri azad etdi. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyində həlledici mərhələyə çevrildi. Qarabağın mədəniyyət paytaxtı hesab edilən Şuşanın azad edilməsi həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Məhz bu hadisənin tarixi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 Noyabr Azərbaycanda Zəfər Günü elan edildi. Zəfərin digər olduqca mühüm xüsusiyyətlərindən biri də xalq-ordu birliyinin nümayiş etdirilməsi idi. Müharibə günlərində Azərbaycan cəmiyyətində yaranan milli həmrəylik, könüllülərin fəallığı, arxa cəbhədə göstərilən dəstək və xaricdə yaşayan soydaşlarımızın informasiya müstəvisində apardığı fəaliyyət ümummilli səfərbərliyin nümunəsinə çevrildi. Müxtəlif siyasi baxışlara və sosial fərqlərə malik insanların vahid məqsəd ətrafında birləşməsi milli birliyin nə qədər böyük gücə malik olduğunu göstərdi. Bu tarixi Qələbənin ən böyük qəhrəmanları isə şübhəsiz ki, Vətən uğrunda canlarından keçən şəhidlərimiz və sağlamlıqlarını itirən qazilərimiz, eləcə də döyüş meydanında fədakarlıq göstərən hərbçilərimizdir. Onların igidliyi, peşəkarlığı, döyüş əzmi və Vətənə sədaqəti Azərbaycan tarixinin unudulmaz səhifələrini təşkil edir. Bu gün Zəfərin əhəmiyyəti yalnız 2020-ci ilin hərbi nəticələri ilə məhdudlaşmır. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesi, yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yaradılması və iqtisadi potensialın bərpası qazanılmış qələbənin sülh və inkişaf mərhələsinə çevrilməsinin əsas istiqamətləridir”.

O qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, dövlətçilik iradəsinin, ordusunun gücünün və vətənpərvərlik ruhunun təntənəsidir: “Bu tarix gələcək nəsillərə bir mühüm həqiqəti ötürür ki, milli həmrəylik, güclü dövlətçilik, peşəkar ordu və Vətənə bağlılıq bir xalqın tarixində həlledici rol oynaya bilər. Zəfərimizin əbədiləşdirilməsi isə şəhidlərimizin xatirəsinə ehtiram göstərmək, qazilərimizə sahib çıxmaq və azad edilmiş torpaqları inkişaf edən, firavan həyata malik bölgələrə çevirməkdən keçir”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər