PKK terror təşkilatının lideri Abdullah Öcalanın komissiya (Silahsızlanma və Stgrateji Koordinasiya Alt Komissiyası) üzvü təyin olunduğu bildirilir. Bu barədə Türkiyənin Zəfər Partiyasının sədri Ümid Özdağ bildirib. Onun sözlərinə görə, Öcalan hazırda məhkum deyil, məhkum olmadığı üçün də artıq həbsxanada deyil, onun üçün inşa edilən malikanədə yaşayaraq siyasi fəaliyyətini oradan idarə edəcək.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən siyasi ekspert Abutalıb Səmədov bildirib ki, Türkiyə uzun illərdir PKK terroru ilə üz-üzədir. O qeyd edib ki, dəfələrlə cəhdlər olsa, müəyyən ümidlər yaransa da bu günə qədər terrorun kökünü kəsmək mümkün olmayıb:
“İndi Abdullah Öcalanı bu prosesi qoşmaq və PKK-nın silahlı qanadını tamamilə sıradan çıxartmaq planları mövcuddur və bu Türkiyədə birmənalı qarşılanmayıb. Öcalanın bütün bu məsələləri həll etmək üçün nüfuzu kifayət qədər olacaqmı? Türkiyədən kənarda olan kürd silahlı təşkilatları bu prosesə qoşulacaqlarmı, xüsusilə Suriyada olan silahlı kürd təşkilatlarının bu prosesə qoşulması ehtimalı kifayət qədər aşağıdır. Türk hakimiyyətinin məqsədi isə aydındır. Bir tərəfdən terroru tamamilə yox etmək və kürd seçicilərinin qarşıda gələn seçkilərdə səsini almaqdır. Məlumdur ki, son seçkilərdə kürd əhalisi daha çox müxalifətə səs verib. Bu da kifayət qədər böyük qüvvədir. Ancaq reallıq bundan ibarətdir ki, bu gün Abdullah Öcalanın nüfuzu bu məsələnin həll edilməsinə kifayət etməyə bilər xüsusilə seçkilərdə kürdlərin kimə səs verəcəyini müəyyənləşdirməsi də o qədər real görünmür. Hər halda böyük bir iş başlanılıb”.