Son dövrlər gənclər arasında nikah mərasimlərinin ənənəvi dini məkanlardan fərqli olaraq, müxtəlif inanc və ibadət yerlərində keçirilməsi tendensiyası getdikcə geniş yayılır. Bəzilər bu fərqliliyə xoş yanaşsalar da, bəziləri isə milli, dini dəyərlərdən uzaqlaşmaq kimi qiymətləndirir.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslam dinində nikahın özəl şərtləri var.
A.Hacıbəyli qeyd edib ki, nikahın varlığı “Qurani-Kərim”lə sabitdir və nikah kəsmə əmrini Allah Qurani Kərimin bir ayəsinə yerləşdirib: “Nikah ailə qapısının çox önəmli açarı hesab olunur. Nikahın kəsilməsi üçün xüsusi bir yer təyin olunmayıb. Yəni evdə, bağda, məsciddə və s. məkanlarda kəsilə bilər. Xüsusi sıxıntısı yoxdur. Lakin nikahın məscidlərdən kənarda kilsə kimi digər inanc yerlərində kəsilməsi dinimizdə caiz görülmür, yəni buna hansısa alim birmənalı şəkildə xoş baxmayıb. Bəyənilməyən əməl kimi baxılıb. Evlilik hadisəsi bir gəncin ən təbii haqqlarından biridir. İnsan ailə dövlətini qurarkən öz milli və mənəvi dəyər və adətlərini bir kənara qoyub başqa xalqın inanc və etiqadlarında, onların Qüdsü və müqəddəs saydığı yerlərdə kəbinin kəsdirilməsi adət halını almış olsa da xoş olmayan hadisədir. Bu baxımdan çalışaq ki, ailə quranda gənclərimizə tövsiyə edək ki, Şəhidlər Xiyabanına gedib ziyarət etsinlər. Orada and içsinlər, söz versinlər. Niyə biz kilsə və ya digər inanc yerlərinə üz tutmalıyıq, ayaq basmalıyıq ki? Eyni zamanda məscidlərimiz, mübarək yerlərimiz varkən nə ehtiyac qalıb ki, insanlarımız belə bu zərurəti digər yerlərdə doldurmağa çalışır. Bizim milli, dini kimliyimiz, kökümüz, keçmiş və gələcəyimiz var. Ona görə gənc nəsil milli mənəvi dəyərlərimizə üz tutmalı və gözəl şəkildə də kəbinlərini kəsdirməlidirlər”.
Şəhanə Qədirli