Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “ASMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib.
Pravda.az xəbər verir ki, “Almet Holding” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təsisçisi Şirin Camallı dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.
Bildirildi ki, əsas təsisçisi “Almet Holding” ASC olan “ASMC” MMC 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Ümumi dəyəri 24,9 milyon manat olan layihə iki mərhələdə həyata keçirilir. Dəyəri 8,8 milyon manat olan birinci mərhələnin maliyyələşdirilməsində özəl vəsaitlə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən subsidiyalaşdırılan 4,7 milyon manata yaxın bank kreditindən istifadə edilib. İkinci mərhələ üzrə 16,1 milyon manat investisiya nəzərdə tutulur. Sənaye Parkının rezidenti kimi müəssisə 470 min manat dəyərində əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumlarından azad olunub.
Təqribən 1,7 hektar ərazidə yerləşən zavodda polad həsir, tikanlı, çəkilmiş, yanmış və sinklənmiş məftil və mismar istehsal olunacaq. Birinci mərhələdə illik istehsal gücü 4 min 920 ton polad həsir, 3 min 480 ton çəkilmiş məftil, 3 min 180 ton mismar, 1800 ton yanmış məftil, 12 min ton məftil və 1080 ton soyuq deformasiya olunmuş armatur təşkil edəcək. İkinci mərhələdə isə illik 10 min ton qalvanikləşdirilmiş və 8 min 240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı planlaşdırılır.